Keniyanın Nayrobi şəhərində bu ölkənin Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbinin 100 illik ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib. Nazirlər, yüksək rütbəli dövlət rəsmiləri, ictimai-siyasi xadimlər və diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbirin “İqtisadi rifah və konstruktiv əməkdaşlıq üzrə yüksək siyasət dialoqu” adlı panel müzakirələrinə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev də panelist olaraq qatılıb.
Postxronika.az Azərbaycan Respublikasının Səfirliyinə istinadən xəbər verir ki, Çin, İtaliya və Fransa səfirlərinin də iştirak etdiyi müzakirələrdə Sultan Hacıyev Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələlərindən danışıb. Səfir Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış dövlət idarəçilik sisteminin ölkənin hərtərəfli inkişafına yol açdığını vurğulayıb. O qeyd edib ki, müstəqilliyin ilk illərində ərazisinin 20 faizi işğala məruz qalan və xarici yardımlardan asılı olan Azərbaycan, mütərəqqi idarəçilik sayəsində bu gün regionda sülhə töhfə verən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən donor dövlətə çevrilib.
Səfir, həmçinin Azərbaycanda təhsil mühitinin modernləşdirilməsi, dövlət qulluqçularının hazırlığı və əhalinin peşə qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən mütərəqqi həllər barədə məlumat verib. Qeyd olunub ki, Keniyanın Hökumət Məktəbi hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır.