"Kommunist dövləti" anlayışı nə dərəcədə doğrudur?
"Kommunist dövləti" ifadəsini demək olar ki, hamımız eşitmişik. SSRİ, Çin, Kuba və digər sosialist ölkələri haqqında danışarkən bu termin tez-tez işlədilir. Maraqlıdır ki, görkəmli filosoflar Karl Marksın və Fridrix Engelsin irəli sürdüyü elmi nəzəriyyə (klassik marksist nəzəriyyə) baxımından bu ifadə ciddi mübahisə doğurur.
Marksizmə görə dövlət sadəcə hökumət və ya idarəetmə sistemi deyil. Karl Marks və Fridrix Engels dövləti bir sinfin digər sinif üzərində siyasi hakimiyyətini və məcburetməsini təmin edən institut kimi izah edirdilər. Onların fikrincə, dövlət sinifli cəmiyyətin məhsuludur. Siniflər mövcud olduqca dövlət də mövcud olacaq.
Məhz buna görə marksist nəzəriyyə sosializmlə kommunizmi eyni anlayış hesab etmir.
Sosializm kapitalizmdən kommunizmə keçid mərhələsidir. Bu mərhələdə dövlət mövcuddur və hətta mühüm rol oynayır. Marks bunu "proletariat diktaturası" adlandırırdı. Buradakı "diktatura" termini bugünkü mənada şəxsi avtoritar hakimiyyəti deyil, müəyyən sinfin siyasi hakimiyyətini ifadə edirdi.
Burada diqqət çəkən başqa bir məqam da var. Maraqlıdır ki, gündəlik danışıqda “kommunist dövləti” ifadəsi çox işlədilir, “kapitalist dövləti” ifadəsi isə nisbətən az səslənir. Halbuki klassik marksist nəzəriyyə baxımından vəziyyət tam əksinədir.
Marks və Engelsə görə kapitalizm sinifli cəmiyyətdir. İstehsal vasitələrinə sahib olan burjuaziya ilə əmək qüvvəsini satan fəhlə sinfi arasındakı münasibətlər bu cəmiyyətin əsasını təşkil edir. Dövlət də məhz bu sinifli cəmiyyətin siyasi institutudur. Buna görə marksist ədəbiyyatda “kapitalist dövləti” və ya “burjua dövləti” anlayışları tam normal və məntiqli terminlər hesab olunur.
Kommunizm isə marksizmə görə sinifsiz cəmiyyətdir. Siniflər aradan qalxdığı üçün dövlət də əvvəlki funksiyasını itirir və tədricən “sönüb gedir”. Məhz buna görə klassik marksist nəzəriyyə baxımından “kommunist dövləti” ifadəsi müəyyən daxili ziddiyyət yaradır. Əgər dövlət hələ də mövcuddursa, deməli cəmiyyət marksist nəzəriyyənin təsvir etdiyi kommunizm mərhələsinə çatmayıb.
Bu səbəbdən marksist nəzəriyyə dövlətlərin inkişafını belə təsnif edir: feodal cəmiyyətində feodal dövləti, kapitalizmdə kapitalist (burjua) dövləti, sosializmdə proletariat dövləti və ya proletariat diktaturası, kommunizmdə isə artıq dövlətin tədricən aradan qalxması nəzərdə tutulur.
Kommunizm marksizmə görə artıq sinifsiz cəmiyyətdir. Siniflər aradan qalxdığı üçün dövlət də öz tarixi funksiyasını itirir və Engelsin ifadəsi ilə desək, tədricən "sönüb gedir".
Burada ən çox yaranan yanlış anlaşılma budur: dövlət yox olursa, bəs cəmiyyəti kim idarə edəcək?
Marksist nəzəriyyə idarəetmənin tamamilə yox olacağını iddia etmir. İnsanlar yenə də istehsalı təşkil etməli, iqtisadiyyatı koordinasiya etməli, yollar, məktəblər, xəstəxanalar, enerji sistemi və digər ictimai xidmətləri idarə etməlidirlər. Sadəcə, nəzəriyyəyə görə bu funksiyalar artıq bir sinfin digərinə hökmranlıq etdiyi dövlət aparatı vasitəsilə deyil, cəmiyyətin özünüidarəetmə mexanizmləri ilə həyata keçiriləcək.
Başqa sözlə, marksizm dövlətin yox olacağını deyərkən idarəetmənin deyil, sinfi hakimiyyət və məcburetmə aparatının aradan qalxacağını nəzərdə tutur.
Bəs polis, ordu, məhkəmə və həbsxanalar necə?
Klassik marksist nəzəriyyəyə görə bunlar dövlətin əsas məcburetmə institutlarıdır. Kommunizmdə siniflər və onların doğurduğu ziddiyyətlər aradan qalxdığı üçün bu institutların da indiki formada mövcud olmayacağı nəzərdə tutulur. Bununla belə, Marks və Engels onların yerinə hansı konkret institutların fəaliyyət göstərəcəyini ətraflı şəkildə izah etməmişdilər. Bu da marksizmin ən çox tənqid olunan nəzəri məsələlərindən biridir.
Bəs onda SSRİ nə idi?
Bu sualın cavabı da nəzəriyyə ilə tarixi təcrübənin fərqində gizlənir. SSRİ heç vaxt rəsmi şəkildə kommunizmin artıq qurulduğunu elan etməmişdi. Sovet ideologiyasına görə ölkə sosializm mərhələsində idi və məqsəd gələcəkdə kommunizmə nail olmaq idi. Məhz buna görə SSRİ-də güclü dövlət, ordu, polis və digər dövlət institutları fəaliyyət göstərirdi. Sovet rəhbərliyi bunları kommunizmə keçid dövrünün zərurəti kimi əsaslandırırdı.
Beləliklə, klassik marksist nəzəriyyə baxımından "kommunist dövləti" ifadəsi daxili ziddiyyət daşıyan anlayışdır. Çünki kommunizm sinifsiz və dövlətsiz cəmiyyət kimi təsvir olunur. Tarixdə "kommunist dövləti" adlandırılan ölkələr isə faktiki olaraq sosialist keçid mərhələsində olduqlarını bildirirdilər.
Bəs əgər SSRİ kommunizmi qurmaq iddiasında idisə, niyə dağıldı?
Bu sual da mövzu ilə bağlı ən çox verilən suallardan biridir. Lakin burada da nəzəriyyə ilə tarixi təcrübəni bir-birindən ayırmaq vacibdir.
Əvvəla, SSRİ özünü heç vaxt klassik marksizmin təsvir etdiyi kommunist cəmiyyət kimi təqdim etmirdi. Rəsmi ideologiyaya görə ölkə sosializm mərhələsində idi və kommunizm gələcək məqsəd hesab olunurdu. Başqa sözlə, Sovet rəhbərliyinin iddiasına görə dövlətin mövcudluğu kommunizmə zidd deyildi, çünki kommunizmə hələ çatılmamışdı.
SSRİ-nin niyə dağıldığı məsələsinə gəlincə, tarixçilər və politoloqlar arasında bu gün də vahid fikir yoxdur. SSRİ-nin dağılması müxtəlif səbəblərlə- planlı iqtisadiyyatın problemlərində, iqtisadi durğunluqda və texnoloji rəqabət, milli məsələnin yetərincə həll edilməməsi, siyasi islahatlardakı çatışmazlıqlarla mərkəzi hakimiyyətin zəifləməsi, silahlanma yarışını və ölkənin kapitalist dövlətlərinin əhatəsində olması və Sovet İttifaqının hər daim kapitalist dövlətlərlə apardığı gərgin mübarizəyə tam gətirməyib dağılması kimi amillər ilə bağlı ola bilər. SSRİ-nin dağılmasını tək bir səbəblə deyil, bir-biri ilə əlaqəli iqtisadi, siyasi, sosial və geosiyasi amillərin məcmusu ilə izah etmək daha doğru olar.
Məhz buna görə “SSRİ dağıldı, deməli kommunizm nəzəriyyəsi tamamilə iflasa uğradı” kimi qəti hökmlər tarixi reallığı tam əks etdirmir. Elmi baxımdan daha doğru yanaşma budur ki, Sovet İttifaqı konkret bir tarixi model idi və Sovet modeli öz müsbət və mənfi cəhətləri ilə XX əsrdə Avrasiya xalqlarının həyatında önəmli rol oynamış yeni quruluş idi.
Bəs kommunizm nə vaxtsa qurula bilərmi?
Bu suala nə "bəli", nə də "xeyr" cavabını qəti şəkildə demək mümkün deyil. Marks bunu tarixi inkişafın labüd nəticəsi hesab edirdi. Lakin bu günə qədər dünyanın heç bir ölkəsində onun təsvir etdiyi sinifsiz və dövlətsiz kommunist cəmiyyəti formalaşmayıb.
Digər tərəfdən, gələcəkdə texnologiyanın, avtomatlaşdırmanın və istehsal münasibətlərinin necə dəyişəcəyini də heç kim dəqiq bilmir.
Əli Novruzov (tarixçi)