“Milli Birlik" partiyasının lideri, fransız siyasətçi Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini və bir il müddətinə elektron qandal taxmasını tələb edən məhkəmə qərarından ölkənin Ali Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, "Milli Birlik" partiyasının lideri qandalla seçkiqabağı təşviqat apara bilməyəcəyini və günahsızlığını sübut etmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyini bildirib.
Bundan əvvəl Paris Apellyasiya Məhkəməsi onu Avropa İttifaqının 2,8 milyon avro vəsaitini saxta iş sxemi ilə mənimsəməkdə təqsirli bilsə də, elektron qandal taxmaq şərtilə prezidentliyə namizədliyini irəli sürə biləcəyinə qərar verib. Lakin siyasətçi bu qərarla razılaşmayaraq işi Fransanın ən ali mülki instansiyasına – Kassasiya Məhkəməsinə çıxaracaq.
Bu riskli siyasi gediş Le Penin namizədliyi partiyanın 30 yaşlı sədri Cordan Bardellaya təhvil verəcəyi ilə bağlı aylardır davam edən fərziyyələrə son qoyub. Seçiləcəyi təqdirdə Le Pen prezident, Bardella isə baş nazir kimi birlikdə işləyəcəklərini vurğulayıb. Siyasətçi Bardella ilə aralarında möhkəm tərəfdaşlıq olduğunu və bir-birilərini tamamladıqlarını qeyd edib.
Namizədlikdən geri çəkilmək ehtimalının heç bir halda mümkün olmadığını vurğulayan Le Pen kampaniyasını dərhal başladacağını bildirib. Kassasiya Məhkəməsinin qərarı onun əleyhinə olacağı təqdirdə nə baş verəcəyi ilə bağlı suala isə o, yekun hakimin Fransa xalqı olacağını deyib.