2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.

Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.

Təlimin ilkin mərhələsində qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsi, şəxsi heyətin və texnikanın dəmir yolu ilə daşınması, hərbi hissələrin məhdudgörmə şəraitində və uzaq məsafələrə hərəkəti təmin olunub. Həmçinin əməliyyat və döyüş təyinatı rayonlarının, müdafiə hədlərinin tutulması həyata keçirilib, manevrlər zamanı yüksək təşkilatçılıq nümayiş etdirilib.

Təlim çərçivəsində eyni vaxtda müxtəlif mərkəz və poliqonlarda döyüş atışlı taktiki və taktiki-xüsusi təlimlər keçirilib. Taktiki fəaliyyətlər Vətən müharibəsinin və dünyada baş verən son silahlı münaqişələrin təcrübəsi nəzərə alınmaqla icra olunub. Azərbaycan Ordusunun arsenalında olan müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri və yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq edilib.

Döyüş fəaliyyətlərinin yeni üsul və metodlarının sınaqdan keçirildiyi prosesdə komandirlərin müstəqil qərar qəbuletmə səriştələri, şəxsi heyətin dağlıq, meşəlik ərazilərdə və yaşayış məntəqələrində döyüş bacarıqları təkmilləşdirilib.

İrimiqyaslı təlimin gedişini izləyən Müdafiə Nazirliyinin rəhbər heyəti birləşmə və bölmələrin döyüş fəaliyyətini müsbət qiymətləndirib, qarşıya qoyulan tapşırıqların tam həcmdə icra edildiyini qeyd edib.