Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) əməkdaşların fövqəladə hallar zamanı düzgün və operativ davranış bacarıqlarının artırılması məqsədilə maarifləndirici təlim təşkil olunub.

Postxronika.az xəbər verir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin məsul şəxsləri iştirak ediblər. Onlar agentlik əməkdaşlarına yanğın təhlükəsizliyi qaydaları, yanğından mühafizə tədbirləri, yanğın risklərinin qarşısının alınması, fövqəladə hallar zamanı davranış qaydaları və ilkin təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat veriblər.

Keçirilən təlim əməkdaşların nəzəri biliklərinin artırılması ilə yanaşı, riskli vəziyyətlərdə düzgün qərarvermə və operativ hərəkət etmək bacarıqlarının möhkəmləndirilməsinə xidmət edir.

Qeyd olunub ki, agentlik işçilərin təhlükəsiz mühitdə fəaliyyət göstərməsi və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi istiqamətində bu cür maarifləndirici tədbirləri mütəmadi olaraq davam etdirir.