Azərbaycan Mədəniyyət Nazirliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşması üzrə ilk magistr dissertasiyalarının müdafiəsi keçirilib.
Postxronika.az xəbər verir ki, Azərbaycan Milli Kitabxanasında baş tutan müdafiə ilə ölkədə mədəniyyət hüququ sahəsində yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması istiqamətində mühüm mərhələnin əsası qoyulub.
Magistr dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşma Şurasının sədri, mədəniyyət naziri Adil Kərimli çıxış edərək bu hadisənin ölkədə mədəniyyət hüququ elminin inkişafı baxımından əlamətdar olduğunu vurğulayıb. Nazir qeyd edib ki, mədəni irsin qorunması, mədəni sərvətlərin hüquqi müdafiəsi, işğaldan azad edilmiş ərazilərdəki mədəni irs nümunələrinin bərpası və beynəlxalq hüquq müstəvisində qorunması sahəsində peşəkar mütəxəssislərə artan tələbat nəzərə alınaraq BDU-da bu ixtisaslaşma təsis olunub.
BDU-nun rektoru Elçin Babayev çıxışında “Mədəniyyət hüququ” ixtisaslaşmasının yaradılmasını universitetlə nazirlik arasındakı səmərəli əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, proqram hüquq və mədəniyyət sahələrinin kəsişməsində peşəkar mütəxəssislərin hazırlanmasına, ölkədə elmi-tədqiqat potensialının gücləndirilməsinə və milli mədəni irsin hüquqi müdafiəsinin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
Müdafiələr zamanı təqdim olunan dissertasiya işləri mədəniyyət sahəsində idarəetmənin hüquqi əsasları, beynəlxalq əməkdaşlıq, mədəni irsin milli və beynəlxalq hüquqi mühafizəsinin aktual problemləri, eləcə də müasir inkişaf tendensiyaları kimi mövzuları əhatə edib.