Almaniyanın paytaxtı Berlində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə tələbə şəhid övladları üçün keçirilən “Əmanətə Sədaqət” yay düşərgəsi yekunlaşıb.
Postxronika.az xəbər verir ki, bir həftə davam edən proqram çərçivəsində iştirakçılar Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevlə görüşüb, Berlinin tarixi və mədəni məkanlarını, eləcə də Almaniyanın aparıcı ali təhsil müəssisələrini ziyarət ediblər. Onlar Azərbaycan Mədəniyyət Mərkəzində Almaniyada yaşayan gənc azərbaycanlılarla görüş keçirib, Avropa Evi və “DRIVE. Volkswagen Group Forum”da müxtəlif təqdimatlarla tanış olublar.
Düşərgə iştirakçıları həmçinin Drezden şəhərinə səfər edərək burada yerləşən tarixi və memarlıq abidələrini ziyarət ediblər. Proqram Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən intellektual yarışla başa çatıb və bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2–9 iyul 2026-cı il tarixlərində təşkil olunan düşərgədə yerli və xarici universitetlərdə təhsil alan, yüksək akademik göstəricilərə malik 23 şəhid övladı iştirak edib.