Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanununun tələblərinə uyğun keçirilən attestasiyanın nəticələrinə əsasən 3 nəfər enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatı alıb.

Postxronika.az xəbər verir ki, təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata keçirilməsi üzrə ixtisas kateqoriyaları üçün cari ilin 29–30 iyun tarixlərində keçirilən attestasiyada hər iki ixtisas kateqoriyası üzrə 6 hüquqi şəxs tərəfindən 8 fiziki şəxsin namizədliyi təqdim edilib. Onlardan “Prime Energy Consulting” MMC-nin nümayəndələri Ağazadə Mircəfər Ağasəfər oğlu, Novruzlu Röyal Ehtiram oğlu və “MSN Enerji Xidmətləri” MMC-nin nümayəndəsi İmanov Şahin Elçin oğlu uğur qazanıblar.

Enerji auditi xidmətləri göstərən hər iki təşkilatın nümayəndələrinə enerji auditinin həyata keçirilməsi üzrə ixtisas attestatları təqdim edilib.

Təqdimat zamanı enerji resurslarından səmərəli istifadə, itkilərin azaldılması və enerji səmərəliliyinin artırılması baxımından enerji auditorlarının peşəkar fəaliyyətinin mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, enerji auditi müəssisə və binalarda enerji istehlakının təhlili, itkilərin müəyyənləşdirilməsi və qənaət potensialının üzə çıxarılması üçün vacib alətdir.

Bununla yanaşı, məcburi enerji auditi subyektləri üzrə görülən işlər və qarşıda duran planlarla bağlı fikir mübadiləsi aparılıb.