2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı məlum olub. İmtahanlara iyulun 14-dən etibarən start veriləcək.

Postxronika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib.

​N.İsmayılbəyli qeyd edib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsində daxil olan 46 505 müraciətdən 38 651 namizədin ərizəsi qəbul edilib. Bu il ilk dəfə olaraq Nazirlər Kabinetinin müvafiq qərarına əsasən MİQ müsabiqəsi ödənişli əsaslarla təşkil olunur. Bununla belə, qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqından azad edilib. Ödəniş etməli olan 28 794 namizəddən 21 050 şəxs artıq ödənişini edərək iştirakını təsdiqləyib.

​Agentlik rəsmisinin sözlərinə görə, artıq hazırlıq işləri yekunlaşmaq üzrədir:

​"Ölkə üzrə 23 müxtəlif şəhərdə 56 imtahan mərkəzi hazır vəziyyətə gətirilib. Bu həftə ərzində namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi dəqiq tarix, saat və məkan barədə məlumatlar göndəriləcək".

​Qeyd edək ki, builki geniş infrastruktur imkanları sayəsində ibtidai sinif iştirakçıları da daxil olmaqla, namizədlərin böyük əksəriyyəti eyni vaxtda və eyni saatda imtahan vermək imkanı əldə edəcəklər.