SSRİ-də 1930–1950-ci illərdə baş vermiş repressiyalar XX əsrin ən faciəli hadisələrindən biridir. Milyonlarla insan həbs edildi, sürgün olundu, əmək düşərgələrinə göndərildi və ya həyatını itirdi. Bu faktlar mübahisə doğurmur. Əsas müzakirə başqa sual ətrafında gedir: bu hadisələri yalnız Stalinin şəxsi qəddarlığı ilə izah etmək kifayətdirmi?
Mən hesab edirəm ki, xeyr.
Bu, Stalinin məsuliyyətini azaltmaq və ya repressiyalara bəraət qazandırmaq cəhdi deyil. Sadəcə, tarixçinin vəzifəsi hadisələri yalnız şəxslərin iradəsi ilə deyil, onları mümkün edən siyasi institutlar, idarəetmə mexanizmləri və ideoloji düşüncə sistemi ilə birlikdə izah etməkdir.
Uzun müddət ənənəvi tarixşünaslıq repressiyaları əsasən totalitar diktatura və Stalinin şəxsi hakimiyyətinin nəticəsi kimi şərh edib. Bu yanaşma müəyyən həqiqətləri əks etdirir. Lakin son onilliklərdə sosial nəzəriyyə və müqayisəli tarixşünaslıq həmin hadisələrə daha geniş baxış bucağı təklif edir.
Müasirlik (modernlik) haqqında aparılan elmi müzakirələr göstərir ki, modernliyin yalnız bir modeli yoxdur. O, təkcə Qərb təcrübəsindən ibarət deyil. Müxtəlif cəmiyyətlər modernləşməni fərqli yollarla yaşamışlar. Bu baxımdan sovet sistemi də modernliyin alternativ formalarından biri kimi qiymətləndirilə bilər.
Bu yanaşma Zygmunt Baumanın məşhur fikri ilə səsləşir:
“Müasir kommunizm Ağıl və Maarifçilik dövrünün ən həssas və ən sadiq davamçısı, bəlkə də onun varisləri arasında intellektual baxımdan ən ardıcıl olanı idi.” (Modernity and the Holocaust, s. 36)
Sürətləndirilmiş modernləşmə mahiyyət etibarilə avtoritar xarakter daşıyırdı. Çünki məqsəd mövcud ictimai münasibətləri, təsərrüfat sistemini və hətta insanın düşüncə tərzini qısa müddətdə kökündən dəyişmək idi. Belə bir layihə isə istər-istəməz sərt mərkəzləşmiş idarəetmə və güclü inzibati aparat tələb edirdi.
Bu xarakterli hər bir proses kimi, sürətləndirilmiş modernləşmə də, şübhəsiz, avtoritar xarakter daşıyırdı. Çünki onun əsas məqsədi əvvəlki ictimai həyat quruluşunu dağıtmaq, bunun nəticəsində isə sosial münasibətləri və hətta insan tipini köklü şəkildə yenidən formalaşdırmaq idi. Bu dəyişikliklər çox vaxt cəmiyyətin müxtəlif sosial qruplarının iradəsinə zidd şəkildə həyata keçirilirdi.
Əslində, sürətləndirilmiş modernləşmənin qarşıya qoyduğu məqsədlər sərt, nizamlayıcı və bu səbəbdən də repressiv xarakter daşıyan fövqəlidarəetmə strukturunun formalaşmasını zəruri edirdi. Məhz bu kontekstdə 1930-cu illərdə təşəkkül tapan və tarixşünaslıqda stalinizm adlandırılan sovet totalitarizmi meydana çıxmışdır.
Qeyd etmək lazımdır ki, modernlik ilə totalitarizm arasındakı münasibət problemi XX–XXI əsrlərin sosial və siyasi nəzəriyyəsində ən mürəkkəb və konseptual baxımdan ən zəngin müzakirə mövzularından biridir. Uzun müddət ənənəvi tarixşünaslıq XX əsrin totalitar rejimlərini – nasizmi və stalinizmi - Qərb sivilizasiyasının inkişaf yolundakı bir sapma, modern cəmiyyətin rasional və humanist inkişaf xəttindən uzaqlaşma, hətta modernlikdən əvvəlki barbarlığın irrasional qayıdışı kimi qiymətləndirirdi.
Lakin XX əsrin ortalarından etibarən tənqidi sosial nəzəriyyə, xüsusilə , bu məsələyə fərqli yanaşma irəli sürdü. Bu yanaşmaya görə, totalitarizm modernliyin əksi deyil, əksinə, Maarifçilik layihəsinin məntiqi, hərçənd ifrat və radikal davamıdır. Başqa sözlə, totalitarizm reallığı tam şəkildə nizama salmaq istəyən modernlik layihəsinin qaçılmaz yan məhsulu, onun «kölgəsi» kimi qiymətləndirilir.
Frankfurt məktəbinin nümayəndələri Max Horkheimer və Theodor Adorno “Dialectic of Enlightenment” əsərində göstərirdilər ki, mifdən azad olmuş ağıl zaman keçdikcə özü yeni bir total hakimiyyət vasitəsinə çevrilə bilər. Onların fikrincə, həm mif, həm də modern rasionalizm xaosu nizama salmağa çalışır. Fərq yalnız istifadə olunan vasitələrdədir: mif bunu rituallarla, modern dövlət isə elm, texnologiya və bürokratiya vasitəsilə həyata keçirir.
Bu baxımdan totalitarizm modernliyin əksi deyil, onun ifrat və radikallaşmış forması kimi də şərh oluna bilər.
Biz modernlik və totalitarizmin daxili baxımdan bir-biri ilə əlaqəli anlayışlar olduğu yanaşmasını bölüşürük. Yuxarıda adı çəkilən müəlliflərin yekun qənaətinə görə, totalitar təcrübələr – istər düşərgələr sisteminin yaradılması, istər xalqların kütləvi deportasiyası, istərsə də yeni millətlərin süni şəkildə formalaşdırılması – Maarifçiliyin meydana gətirdiyi nizam, rasionallıq və sosial mühəndislik paradiqmasına söykənirdi.
Bu kontekstdə zorakılıq sivilizasiyadan imtina deyil, əksinə, onun ən radikal və inzibati cəhətdən ən sistemli aləti kimi çıxış edir. Hətta iddia etmək olar ki, totalitar rejimlər modernliyin anomaliyası deyil, nə qədər paradoksal səslənsə də, onun daxili məhsulu, modernlik layihəsinin rasionalist və utopik komponentlərinin ifrat həddə çatdırılması nəticəsində meydana gəlmiş ən kəskin formasıdır.
Totalitarizm cəmiyyəti insan itkilərinə məhəl qoymadan əvvəlcədən hazırlanmış rasional plana uyğun şəkildə yenidən qurmaq ideyasını son həddə çatdırmışdır. Bu baxımdan cəmiyyət idarə olunmalı, yenidən təşkil edilməli və layihələndirilməli obyekt kimi qəbul edilirdi.
Zygmunt Bauman “Modernity and the Holocaust” əsərində göstərir ki, kütləvi zorakılıqlar yalnız nifrətin deyil, həm də inkişaf etmiş bürokratiyanın məhsulu ola bilər. Statistik uçot, planlaşdırma, nəqliyyat sistemi və inzibati koordinasiya insan həyatını sadəcə idarə olunacaq resursa çevirə bilir.
Beriyanın Stalinə təqdim etdiyi məxfi hesabatlarda insanların adlarından daha çox “kontingent”, “vaqon-gün”, “yükləmə norması” kimi anlayışların işlədilməsi də həmin bürokratik düşüncə tərzinin nümunəsidir.
Jürgen Habermas isə diqqəti başqa mühüm məsələyə yönəldirdi. Onun fikrincə, inkişaf etmiş modernlik şəraitində instrumental rasionallıq tədricən dəyər yönümlü rasionallığı sıxışdırır. Belə olduqda “Bunu etmək mənəvi baxımdan doğrudurmu?” sualı arxa plana keçir, onun yerini isə “Bunu daha səmərəli necə həyata keçirmək olar?” sualı tutur. Digər tərəfdən isə instrumental rasionallıq, yəni istənilən məqsədə ən sürətli, ən səmərəli və ən az xərclə nail olma üsullarını axtaran düşüncə tərzi hakim mövqeyə yüksəlir.
Məhz instrumental rasionallığın dəyər yönümlü rasionallığı tam sıxışdırdığı şəraitdə totalitarizm və onun repressiv praktikaları, o cümlədən deportasiyalar meydana çıxır. Belə hallarda «Milyonlarla insanı doğma yurdundan məhrum etməyə mənəvi haqqımız varmı?» sualı arxa plana keçir və onun yerini sırf texniki xarakter daşıyan başqa bir sual tutur: «Mümkün qədər çox insanı minimum xərc və maksimum səmərəliliklə necə köçürmək olar?»
Beləliklə, deportasiya artıq etik problem kimi deyil, mürəkkəb inzibati, mühəndislik və logistika məsələsi kimi qəbul edilir; onun mənəvi ölçüsü isə tamamilə aradan qalxır.
Modernlik dövrü dövlətinin (və onun radikal forması olan “yüksək modernizm”in) əsas xüsusiyyətlərindən biri idarə etdiyi məkanı və cəmiyyəti tamamilə “oxunaqlı”, şəffaf və nəzarət edilə bilən hala gətirmək istəyidir. Antropoloq James C. Scott “Seeing Like a State: How Certain Schemes to Improve the Human Condition Have Failed” əsərində inandırıcı şəkildə göstərmişdir ki, modern dövlət ənənəvi cəmiyyətlərin özünəməxsus mürəkkəbliyini, qeyri-rəsmi quruluşunu və muxtariyyətini qəbul etmir. Əksinə, bu mürəkkəbliyi standartlaşdırılmış inzibati sxemlərə, siyahıyaalmalara, xəritələrə və qeydiyyat sistemlərinə uyğunlaşdırmağa çalışır.
Bu nəzəri yanaşmaya görə, xalqların kütləvi deportasiyası yalnız cəza və ya repressiya aktı deyil, həm də sosial və etnik məkanın dövlətin nəzərdə tutduğu layihəyə uyğun şəkildə yenidən qurulmasına yönəlmiş genişmiqyaslı bir mühəndislik layihəsi idi. Başqa sözlə, məqsəd mövcud reallığı dövlət tərəfindən hazırlanmış inzibati plana uyğunlaşdırmaq idi.
Bu baxımdan sovet modernliyi və stalinizm eyni konseptual müstəvidə qiymətləndirilə bilər. Belə yanaşma stalinizmin müxtəlif təzahürlərinin, o cümlədən xalqların deportasiyasının araşdırılmasını sovet modernliyinin həm müsbət, həm də mənfi tərəflərini daha dərindən anlamağa imkan verən mühüm vasitə kimi nəzərdən keçirir.
Məhz kollektivləşdirmə, sənayeləşmə və “Böyük Terror” dövründə sovet totalitar sisteminin əsas mahiyyəti və struktur xüsusiyyətləri formalaşmışdır. Müharibə və müharibədən sonrakı ilk illərdə isə həddindən artıq mərkəzləşdirilmiş siyasi-idarəetmə sistemi və hərbi-səfərbərlik iqtisadiyyatı şəraitində stalinizm özünün son və ən yetkin formasını almışdır.
1930–1950-ci illərdə SSRİ-də xalqların məcburi deportasiyası dövlətin cəmiyyəti zorakı üsullarla yenidən formalaşdırmağa yönəlmiş siyasətinin ən genişmiqyaslı və sistemli təzahürlərindən biri olmuşdur. Bu mövzu ilə bağlı çoxsaylı elmi tədqiqatlar aparılsa da, problem hələ də ənənəvi siyasi və tarixi izahların hüdudlarını aşan, daha geniş nəzəri çərçivədə konseptual şəkildə yenidən dəyərləndirilməyə ehtiyac duyur.
İlk növbədə qeyd etmək lazımdır ki, 1930-cu illərdə SSRİ sürətlə tarixşünaslıqda stalinizm adlandırılan siyasi mərhələyə daxil olur. Sovet siyasi-dövlət sisteminin bu transformasiyası əksər hallarda həddindən artıq sadələşdirilmiş və sxematik formada təhlil edilir. Bir çox tədqiqatçılar əsas diqqəti yalnız siyasi-hüquqi və ya sosial-iqtisadi hadisələrə yönəldərək onları mexaniki şəkildə totalitarizm anlayışı çərçivəsində izah etməyə çalışırlar.
Belə yanaşma isə qaçılmaz olaraq reduksionizmə, yəni dövrün mürəkkəb və çoxşaxəli mahiyyətini stereotip xarakterli bir neçə əlamətə endirməyə gətirib çıxarır. Nəticədə stalinizmin ideoloji, sosial, mədəni və inzibati xüsusiyyətlərinin qarşılıqlı əlaqəsi lazımi səviyyədə nəzərə alınmır və həmin dövrün bütöv mənzərəsini anlamaq çətinləşir.
Bizim fikrimizcə, şəxsiyyətə pərəstiş, dövlətin ictimai və şəxsi həyatın bütün sahələrinə tam nəzarəti, qarşıya qoyulmuş məqsədlərə nail olmaq naminə idarəetmə strukturlarının və resursların ifrat mərkəzləşdirilməsi, habelə misli görünməmiş repressiyaları həyata keçirən güclü cəza aparatının yaradılması stalinizmin mühüm xüsusiyyətləri olsa da, bu əlamətlər ayrılıqda nəzərdən keçirildikdə həmin sistemin mahiyyətini tam şəkildə izah etmir.
Bizim qənaətimizə görə, şərti olaraq stalinizm adlandırılan sistemin əsas səciyyəvi cəhəti cəmiyyətin bütün sahələrini sürətləndirilmiş modernləşmə şəraitində görünməmiş miqyasda və formada sosial mühəndislik yolu ilə yenidən qurmaq cəhdidir.
Bu yanaşmaya əsasən, stalinizmin strateji məqsədləri bir-biri ilə sıx bağlı olan iki istiqamətdə təzahür edirdi.
Birincisi, sürətləndirilmiş modernləşmə vasitəsilə ölkənin dərin iqtisadi və texnoloji geriliyini aradan qaldırmaq, bütün mövcud resursları son həddə qədər səfərbər etməklə onu inkişaf etmiş sənaye dövlətləri sırasına çıxarmaq məqsədi güdülürdü.
İkincisi isə, qurulmaqda olan yeni ictimai-siyasi sistemi həyata keçirə biləcək yeni sosial tip insanın formalaşdırılmasına çalışılırdı.
Bu məqsədlərə mümkün qədər qısa müddətdə nail olmaq istəyi, humanitar və mənəvi nəticələrə açıq şəkildə etinasız yanaşılması, həmçinin daxili və beynəlxalq siyasi amillər milyonlarla insanı əhatə edən geniş repressiyalara gətirib çıxardı.
Bu baxımdan, 1930-cu illərin əvvəllərində kəndli kütlələrinin məcburi köçürülməsi, 1937–1938-ci illərin repressiyaları və İkinci Dünya müharibəsi illərində həyata keçirilən genişmiqyaslı xalqların deportasiyası müəllifin yanaşmasına görə ayrı-ayrı hadisələr deyil, eyni siyasi sistemin və vahid sosial mühəndislik layihəsinin bir-birini tamamlayan elementləri kimi qiymətləndirilə bilər.
Stalin rəhbərliyi qarşısına olduqca iddialı bir məqsəd qoymuşdu: cəmiyyətin əsas subyektini əvvəlkindən tamamilə fərqli xüsusiyyətlərə malik yeni insan tipinə çevirmək. Bu yeni antropoloji model – “Homo Sovieticus” – özünün psixoloji, mədəni, ideoloji və davranış xüsusiyyətlərinə görə inqilabdan əvvəlki ənənəvi sosial arxetiplərdən köklü şəkildə fərqlənməli idi.
Başqa sözlə, dövlət səviyyəsində tamamilə yeni həyat dəyərlərinə, motivasiyaya və prioritetlərə malik insan yetişdirmək məqsədi qarşıya qoyulmuşdu. İnsan amilinin bu şəkildə yenidən formalaşdırılması ölkənin bütün sahələrini əhatə edən total modernləşmə strategiyasının ayrılmaz tərkib hissəsi idi.
Belə genişmiqyaslı və xüsusilə sürətləndirilmiş transformasiya layihələri, qısa müddət ərzində cəmiyyətin tarixi inkişafında böyük sıçrayış yaratmağı hədəflədiyindən, demək olar ki, qaçılmaz olaraq avtoritar və zorakı xarakter alır. Bu proses ənənəvi ictimai institutların, sosial strukturların, təsərrüfat mexanizmlərinin və həyat tərzinin köklü şəkildə dağıdılmasını nəzərdə tutur.
Nəticədə isə belə dəyişikliklər cəmiyyətin müxtəlif sosial təbəqələrinin ciddi müqaviməti ilə qarşılaşır. Həmin müqavimətin aradan qaldırılması və nəzarətdə saxlanılması dövlət aparatının əsas funksiyalarından birinə çevrilir.
Yuxarıda qeyd olunan konseptual yanaşma çərçivəsində Stalin rəhbərliyi yalnız yeni insan tipinin formalaşdırılmasını deyil, eyni zamanda homogen və vahid sovet cəmiyyətinin yaradılmasını da qarşısına məqsəd qoymuşdu. Bu baxımdan qolçomaqlara qarşı aparılan kampaniya (dekulakizasiya) ilə repressiyaya məruz qalan xalqların deportasiyaları arasında aydın ideoloji və konseptual bağlılıq mövcuddur. Hər iki halda Stalin modernləşməsi layihəsinin məqsədləri ilə uzlaşmadığı hesab edilən sosial təbəqələr (sinfi əlamətə görə) və ya bütöv etnik qruplar (milli əlamətə görə) cəmiyyətin tərkibindən zorakı şəkildə uzaqlaşdırılırdı.
Az sonra başlayan müharibə bu prosesi daha da sürətləndirdi və ən radikal mərhələsinə çatdırdı. Ümumi hərbi səfərbərlik şəraitində “özümüzünkülər – yadlar (düşmənlər)” qarşıdurması son dərəcə sadələşdirildi və bu, qabaqlayıcı xarakter daşıyan kollektiv cəza tədbirlərinin tətbiqinə siyasi əsas yaratdı.
Ümumilikdə, 1920-ci illərdən 1940-cı illərin sonunadək Sovet hakimiyyəti məcburi köçürmə və deportasiyadan çoxmillətli sovet dövlətində əhali üzərində nəzarəti gücləndirmək, potensial təhlükə hesab etdiyi qrupları zərərsizləşdirmək və cəmiyyəti qorxu altında saxlamaq məqsədilə istifadə olunan əsas repressiya vasitələrindən biri kimi yararlanmışdır.
Yuxarıda qeyd olunan proseslər Sovet dövlətinin milli siyasətinə də mühüm təsir göstərmişdir.
Birincisi, sovet ideologiyasında inqilabi beynəlmiləlçilikdən sərt dövlətçilik (etatizm) və rusmərkəzçilik istiqamətinə dönüş baş verdi. Bu dövrdə rus xalqı getdikcə SSRİ xalqlarının “böyük qardaşı” kimi təqdim olunmağa başladı.
İkincisi, hərbi təhlükənin artdığı şəraitdə Stalin rəhbərliyi etnik mənsubiyyəti təhlükəsizlik məsələsi kimi qiymətləndirməyə başladı. Xarici dövlətlərlə etnik, mədəni və ya ailə əlaqələri olan milli azlıqlar, eləcə də mürəkkəb inteqrasiya tarixinə malik bəzi xalqlar (xüsusilə Şimali Qafqazda yaşayanlar) dövlət təhlükəsizliyi baxımından potensial “beşinci kolon” kimi qəbul edilirdi.
Amerikalı tarixçi Terry Martin də göstərir ki, 1920-ci illərin korenizasiya siyasətindən sonra sovet milli siyasətində ciddi dönüş baş verdi. Xüsusilə sərhəd bölgələrində yaşayan bəzi xalqlar artıq təhlükəsizlik prizmasından qiymətləndirilməyə başladı. Bu isə sonrakı deportasiya siyasətinin əsas amillərindən biri oldu. Terry Martin qeyd edir ki, SSRİ-də dövlət ksenofobiyası etnik deyil, ilk növbədə ideoloji xarakter daşıyırdı. Onun əsasında bolşevik rəhbərliyinin düşmən kapitalist mühasirəsi və xaricdən ideoloji təsirin ölkəyə nüfuz etməsi ilə bağlı dərin narahatlığı dayanırdı.
Müharibə təhlükəsinin artması və sərhədyanı ərazilərdə yaşayan milli azlıqların sovet sisteminə sürətlə inteqrasiya olunmasının mümkün olmaması Stalin rəhbərliyini “preventiv sosial mühəndislik” adlandırılan siyasətə keçməyə sövq etdi. Bu siyasətin əsas elementlərindən biri də etnik əlamətə görə həyata keçirilən məcburi köçürmələr və deportasiyalar idi.
Baumanın "bağban dövləti" metaforası da bu baxımdan maraqlıdır. Onun fikrincə, modern dövlət cəmiyyəti ideal bağ kimi təsəvvür edir. Faydalı hesab etdiyini qoruyur, uyğun gəlməyəni isə "alaq otu" kimi təmizləməyə çalışır. Deportasiyalar və məcburi köçürmələr də bu idarəetmə məntiqinin ifrat təzahürlərindən biri idi.
Michel Foucault isə göstərirdi ki, hakimiyyət yalnız cəza verməklə fəaliyyət göstərmir. O, insanların harada yaşayacağını, necə hərəkət edəcəyini, necə qeydiyyata alınacağını və gündəlik həyatını da idarə edir. Xüsusi məskunlaşma rejimi, komendant nəzarəti və deportasiya olunmuş əhalinin daimi qeydiyyatı bu mexanizmin konkret nümunələridir.
James C. Scott “Seeing Like a State” əsərində yazır ki, modern dövlət cəmiyyəti mümkün qədər “oxunaqlı” vəziyyətə gətirmək istəyir. Siyahıyaalmalar, xəritələr, statistika və mərkəzləşdirilmiş idarəetmə bunun əsas vasitələridir. Dövlət mürəkkəb sosial reallığı standart inzibati sxemlərə uyğunlaşdırmağa çalışır.
Bu baxımdan xalqların deportasiyası yalnız cəza tədbiri deyil, həm də sosial və etnik məkanın dövlət layihəsinə uyğun şəkildə yenidən qurulması cəhdi idi.
SSRİ-də xalqların deportasiyası NKVD-nin bürokratik idarəetmə aparatının ən yüksək təzahürlərindən biri kimi çıxış edərək modern idarəetmə modelinin bir sıra xarakterik xüsusiyyətlərini özündə əks etdirirdi. Bu xüsusiyyətləri aşağıdakı kimi ümumiləşdirmək olar:
– Total kvantifikasiya (rəqəmləşdirmə).
İnsan faciəsi emosional və mənəvi məzmunundan məhrum edilərək statistik göstəricilərə çevrilirdi. Bürokratik dil canlı və əzab çəkən insanları rəqəmlər və inzibati kateqoriyalar şəklində təqdim edirdi. Məsələn, nın a göndərdiyi məxfi hesabatlarda insanlar «şəxslər» kimi deyil, «kontingentlər», «vaqon-günləri», «yükləmə normativləri» kimi texniki anlayışlarla ifadə olunurdu. Beləliklə, insan taleyi inzibati hesabatların statistik vahidinə çevrilirdi.
– Sinxronlaşdırma və logistika.
Cəza tədbirləri, o cümlədən 1944-cü ilin fevral–mart aylarında həyata keçirilmiş «Mərcimək» (Chechevitsa) əməliyyatı çərçivəsində çeçen və inquşların kütləvi deportasiyası sovet rəhbərliyi tərəfindən spontan intiqam aktı kimi deyil, dəqiq planlaşdırılmış hərbi-inzibati əməliyyat kimi nəzərdə tutulurdu. Belə genişmiqyaslı əhali köçürülməsinin həyata keçirilməsi yalnız ciddi logistika və müxtəlif dövlət qurumlarının tam koordinasiyası sayəsində mümkün idi. Bu prosesdə NKVD, NKQB, SMERŞ və Dəmir Yolları Xalq Komissarlığının fəaliyyəti vahid plan əsasında əlaqələndirilirdi. Bu isə instrumental rasionallığa əsaslanan modern bürokratik idarəetmənin səciyyəvi xüsusiyyətlərindən biri idi.
– Mənəvi adiaforizasiya.Minlərlə sıravi icraçının görünməmiş miqyasda dövlət terrorunun həyata keçirilməsində necə iştirak edə bilməsini izah edən əsas anlayışlardan biri ın irəli sürdüyü «mənəvi adiaforizasiya» konsepsiyasıdır. Bu anlayış insanın müəyyən hərəkətlərinin etik qiymətləndirmə müstəvisindən çıxarılması prosesini ifadə edir.
NKVD–NKQB sistemində mövcud olan dərin funksional əmək bölgüsü fərdi məsuliyyət hissinin zəifləməsinə səbəb olurdu. Bürokratik zəncirin hər bir iştirakçısı özünü baş verən faciənin müəllifi deyil, sadəcə texniki vəzifəsini yerinə yetirən icraçı hesab edirdi. Məsələn, bir əməkdaş əhalinin siyahıyaalınması əsasında deportasiya siyahıları tərtib edir, dəmiryolu dispetçeri eşelonların hərəkət cədvəlini hazırlayır, konvoy qoşunlarının əsgəri mühafizə xidmətini yerinə yetirir, təminat işçisi isə minimum ərzaq normasını hesablayırdı.
Beləliklə, bütöv xalqların deportasiyası emosional və mənəvi məzmundan tamamilə uzaqlaşdırılaraq adi inzibati-logistik əməliyyata çevrilirdi. Deportasiya olunan insanlar fərd kimi deyil, yalnız «xüsusi kontingent» adlandırılan anonim inzibati kateqoriya kimi qəbul edilirdi.
Məcburi deportasiyaların digər mühüm tərəfi onların biopolitik xarakter daşımasıdır. Mişel Fukonun nəzəriyyəsinə görə, biopolitika dövlət hakimiyyətinin əhalinin bioloji həyatı, məskunlaşması və təkrar istehsalı üzərində nəzarət həyata keçirməsinə yönəlmiş idarəetmə texnologiyasıdır.
Sovet İttifaqında bu siyasətin əsas alətlərindən biri xüsusi məskunlaşma (komendantlıq) sistemi idi. Deportasiya olunmuş şəxslər müəyyən yaşayış məntəqələrinə bağlanır, adətən 3-5 kilometrlik ərazidən kənara çıxmaları qadağan edilirdi. Qaçmağa cəhd edənlər isə 1948-ci il fərmanına əsasən uzunmüddətli ağır əmək cəzası ilə üzləşirdilər.
Bu rejim Fukonun hakimiyyət nəzəriyyəsində irəli sürdüyü əsas fikirlərdən birini aydın şəkildə nümayiş etdirir. Onun qənaətinə görə, müasir hakimiyyət klassik suveren hakimiyyət kimi birbaşa «öldürmək hüququna» deyil, «yaşamağa məcbur etmək və ölməyə imkan vermək» prinsipinə əsaslanır.
Bu baxımdan sovet dövləti deportasiya olunmuş Qafqaz xalqlarına qarşı əsasən kütləvi güllələmə siyasəti tətbiq etmirdi. Bunun əvəzinə, sərt iqlim şəraiti, yaşayış yerinin olmaması, ərzaq çatışmazlığı, ağır məcburi əmək və tibbi yardımın yoxluğu kimi amillərdən ibarət elə sosial mühit yaradılırdı ki, yüksək ölüm göstəriciləri həmin sistemin qaçılmaz nəticəsinə çevrilirdi.
Sovet modernliyi sürətləndirilmiş sənayeləşmə siyasəti ilə sıx bağlı idi. Bu baxımdan deportasiyalar yalnız siyasi və təhlükəsizlik məqsədləri daşımır, eyni zamanda mühüm iqtisadi funksiyalar da yerinə yetirirdi. Məcburi köçürülən xalqlar SSRİ-nin kifayət qədər mənimsənilməmiş ucqar bölgələrinin iqtisadi cəhətdən inkişaf etdirilməsi və məskunlaşdırılması üçün əmək resursuna çevrilirdi. Xüsusi məskunlaşma yerlərinə göndərilən insanların həyatı isə, mahiyyət etibarilə, yalnız istehsal normasını yerinə yetirə bildikləri müddətdə dövlət üçün dəyər daşıyırdı.
Bütün bunları deməklə nə Stalinə bəraət qazandırmaq, nə də repressiyaların miqyasını kiçiltmək məqsədi güdürəm.
Əksinə, hesab edirəm ki, bu faciələri yalnız “bir nəfərin qəddarlığı” ilə izah etmək tarixi prosesi sadələşdirmək deməkdir. Çünki belə yanaşma həmin sistemi mümkün edən siyasi institutları, bürokratik mexanizmləri, ideoloji layihəni və idarəetmə məntiqini kölgədə qoyur.
Repressiyalar cinayət idi. Deportasiyalar milyonlarla insanın taleyini məhv etdi. Bu barədə mübahisə yoxdur.
Lakin tarixçinin işi yalnız hökm verməklə bitmir. Tarixçi həm də bu cinayətlərin hansı siyasi, inzibati və ideoloji mexanizmlər nəticəsində mümkün olduğunu araşdırmalıdır. Eyni zamanda həmin dövrdə sovet rəhbərliyinin qarşısında duran məqsədləri, təhlükəsizlik təsəvvürlərini və modernləşmə layihəsinin daxili məntiqini də nəzərə almalıdır.
Mənim yanaşmam məhz budur. Tarixi hadisələri nə romantikləşdirmək, nə də siyasi şüarlara çevirmək lazımdır. Tarixə sənədlər, arxiv materialları və müxtəlif elmi yanaşmalar əsasında baxmaq daha obyektiv nəticə verir.
Əli Novruzov(tarixçi)