Azərbaycanın turizm sektorunda əsas turist axını ənənəvi olaraq Bakı və ölkənin məşhur turizm bölgələrinin payına düşür. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərə, xüsusilə Şuşa və Laçına maraq da son illərdə artmaqdadır.
Postxronika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin və Dövlət Turizm Agentliyinin məlumatlarına əsasən, regionlar üzrə turist sayına dair ayrıca reytinq açıqlanmasa da, ölkəyə gələn turistlərin böyük hissəsi Bakı ilə yanaşı Qəbələ, Şəki, Quba-Qusar, Naftalan, Lənkəran-Astara və Qax-Zaqatala istiqamətlərinə səfər edir. Son illərdə Şuşa və Laçına təşkil olunan səfərlərin də artdığı bildirilir.
Rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycana 2 milyon 570 min 469 nəfər xarici vətəndaş səfər edib. Onların 23,9 faizi Rusiyadan, 17,7 faizi Türkiyədən, 8,1 faizi İrandan, 6,5 faizi Hindistandan, 4,3 faizi Gürcüstandan, 4,1 faizi Səudiyyə Ərəbistanından, 4 faizi Qazaxıstandan, 3,5 faizi Pakistandan, 2,7 faizi İsraildən, 2,5 faizi isə Çindən gəlib. 
2026-cı ilin yanvar-may aylarında isə Azərbaycana 871 min 700 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azdır. Həmin dövrdə ölkəyə gələnlərin 27,2 faizi Rusiyadan, 22 faizi Türkiyədən, 8,4 faizi İrandan, 5 faizi Gürcüstandan, 4,5 faizi Qazaxıstandan, 3,2 faizi Özbəkistandan, 2,9 faizi Hindistandan, 2,7 faizi Pakistandan, 2,3 faizi Çindən, 2 faizi İsraildən olub.
Turizm sektoru ölkə iqtisadiyyatında yerləşdirmə, ictimai iaşə, nəqliyyat və ticarət sahələrinin gəlirlərinin formalaşmasına mühüm töhfə verir. Bununla belə, Dövlət Statistika Komitəsi bölgələr üzrə turizmin iqtisadi gəliri və ya zərəri barədə ayrıca maliyyə göstəriciləri açıqlamayıb.