Özəl klinikalardakı yoxlamalar və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) fəaliyyəti ilə bağlı cəmiyyətdə tez-tez yanlış fərziyyələr yayılır. Vətəndaşların yoxlama mexanizmlərindən xəbərsiz olması adətən əsassız iddiaların və reallıqdan uzaq gözləntilərin yaranmasına səbəb olur.
Postxronika.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, “AEM hansı müəssisələri və necə yoxlayır?” mövzusunda sualları Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova cavablandırıb.
– Tamam xanım, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi hansı müəssisələri yoxlamaq səlahiyyətinə malikdir? Plandankənar yoxlamalar zamanı da xəbərdarlıq edilməlidirmi?
– AEM yalnız dövlət reyestrində qeydiyyata alınan və lisenziya verilən özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar həyata keçirir. Əgər hər hansı gözəllik salonu və ya qeyri-tibb müəssisəsində qanunsuz tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız hüquqi və fiziki şəxslərin şikayəti, mediada yayılan məlumatlar və ya dövlət orqanlarının araşdırmaları (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər.
Qanunvericiliyə görə, plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır. Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM-in əməkdaşları tərəfindən həyata keçirilir. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir. Qeyd edim ki, qanunvericiliyə əsasən ölkə üzrə bütün lisenziyalar aidiyyəti dövlət qurumu tərəfindən verilir, AEM tərəfindən isə həmin müəssisələrə baxış keçirilərək təchizat, tibbi heyət və pasiyent qəbuluna uyğunluq barədə rəy verilir.
– Yoxlama aparılarkən qanun pozuntusu aşkar edildikdə Mərkəz tərəfindən hansı addımlar atılır?
– Yoxlamalar nəticəsində əldə edilən hər bir fakt rəsmiləşdirilir və bu, yoxlayıcıların aktı ilə təsdiq edilir. Qanun pozuntusu olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti orqanlara (məhkəmə və ya digər orqana) göndərilir. Cərimə yalnız həmin orqanın qərarından sonra tətbiq edilir. Əgər qanun pozuntusu təkrarlanarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilərək məsələ hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir. İnsan həyatı və sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluq orqanlarında araşdırılır.
– Qeyri-tibb müəssisəsində, məsələn, kosmetoloji salonda tibb fəaliyyəti göstərildiyi məlum olarsa, mərkəz nəzarəti necə həyata keçirir?
– Müəssisə dövlət reyestrində özəl tibb müəssisəsi kimi qeydiyyata alınmayıbsa, məsələn, bu, gözəllik salonu və ya kosmetoloji salondursa, bu zaman fiziki və ya hüquqi şəxslərin təsdiqedici sənədlərlə birgə şikayəti, mediada yayılmış məlumatlar və ya hüquq-mühafizə orqanlarından göndərilən araşdırma halları ilə bağlı həmin müəssisədə yalnız plandankənar yoxlama həyata keçirilə bilər. Xüsusi qeyd edirik ki, bu müraciətlər mütləq əsaslandırılmış formada olmalıdır. Bəzən vətəndaşlar, media nümayəndələri düşünürlər ki, şikayət gələn kimi əməkdaşlarımız dərhal yoxlamaya gedə bilər. Amma elə deyil, qanun buna imkan vermir.
Plandankənar yoxlama üçün əvvəlcə Ədliyyə Nazirliyindən çıxarış alınmalıdır. Yoxlama nəticəsində fakt təsdiqini tapdıqda, insanların həyat və sağlamlığına zərər vurulması ehtimalı müəyyən edildikdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər 2000-3000 manat, vəzifəli şəxslər 5000-10000 manat, hüquqi şəxslər isə 20000-30000 manatadək cərimə edilir. Protokol məhkəməyə göndərilir, qərar tətbiq edilir və müəssisəyə fəaliyyətin dayandırılması barədə bildiriş verilir. Əməl təkrarlanarsa, məsələ hüquq-mühafizə, vergi və digər orqanlara yönləndirilir. Zərər faktı olduqda isə prokurorluq qarşısında vəsatət qaldırılır.
– Özəl tibb müəssisələrində göstərilən tibbi xidmətdən vətəndaşlar tərəfindən necə şikayət verilə bilər?
– Konstitusiyaya və “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əsasən, pasiyentin hüquqları pozulduqda o, müəssisənin rəhbərliyinə, müvafiq orqana və ya məhkəməyə müraciət edə bilər. Əgər vətəndaş özəl tibb müəssisəsindəki xidmətdən razı deyilsə, Analitik Ekspertiza Mərkəzinin rəsmi saytında (pharma.az) “Müraciət” bölməsi vasitəsilə və ya qurumun “Bir pəncərə” xidmətinə yazılı formada müraciət edə bilər. Həmçinin, Mərkəzin qaynar xəttinə (012 596 05 20) zəng etmək mümkündür. Zərərin əvəzinin ödənilməsi tələbi isə birbaşa məhkəmə orqanlarına aid məsələdir.
– Vətəndaşlar özəl tibb müəssisələrində göstərilən xidmətdən razı qalmadıqda kompensasiya ala bilərlərmi və bunun üçün hara müraciət edilməlidir?
– Kompensasiya tələb etdikdə bu barədə məhkəməyə müraciət edilməlidir. Çünki dəymiş zərərin həcmi məhkəmə tərəfindən təyin olunan ekspertiza ilə müəyyən edilir. Məhkəmə qərarına əsasən kompensasiya ödənilir. Bu məsələlər Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri daxilində deyil.