Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən Bakıda hər iki ölkənin informasiya və kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.

Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə sahə üzrə mövcud vəziyyət, müasir çağırışlar və kritik informasiya infrastrukturunun mühafizəsi məsələləri müzakirə olunub. Həmçinin, kiberinsidentlərə qarşı mübarizə, təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin təşkili istiqamətində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişafının, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.