Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və digər ağır cinayətlərə görə Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunmuş Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Postxronika.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi, hakimlər Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin hər biri bildikləri erməni və rus dillərində tərcüməçi, həmçinin müdafiələrinin təmin olunması üçün vəkillərlə təmin edilib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova da iştirak ediblər.
İclasda əvvəlcə ötən prosesdə çıxışına başlayan Arkadi Qukasyana söz verilib. O, çıxışını davam etdirərək ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini bildirib.
Daha sonra Vasili Beqlaryanın müdafiəçisi çıxış edərək Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Ardınca çıxış edən Vasili Beqlaryan da özünü ittiham olunduğu maddələr üzrə təqsirli bilmədiyini deyib.
Sonra Bako Sahakyanın vəkilləri çıxış edərək müdafiə etdikləri şəxs barəsində bəraət hökmünün çıxarılmasını, 5 fevral 2026-cı il tarixli hökmün ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını istəyiblər. Bako Sahakyan isə çıxışında ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədiyini bildirib.
Məhkəmənin növbəti iclası iyulun 14-nə təyin olunub.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.