Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Postxronika.az xəbər verir ki, sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov və “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu”nun baş direktoru Filip Sandvidi imzalayıblar.

Abbas Abbasov bildirib ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətində genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, təşkilat indiyədək müxtəlif ölkələrin siyasi partiyaları və hərəkatları ilə oxşar sənədlər imzalasa da, bu dəfə ilk dəfə bir dövlət qurumu ilə əməkdaşlığa başlayır.

Memorandum Afrika ölkələrinin aparıcı tədqiqat institutları, beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları ilə nəticəyönümlü əməkdaşlığın inkişafına, BTQ ilə Qlobal Cənub ölkələri arasında elmi və praktiki əlaqələrin möhkəmləndirilməsinə, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsinə töhfə verməyi nəzərdə tutur.

Sənədə əsasən, tərəflər Afrika qitəsində müstəmləkəçiliyin yaratdığı problemlər, neokolonial idarəetmə, təbii resursların istismarı, iqtisadi asılılıq mexanizmləri və reparasiya məsələləri üzrə birgə analitik hesabatlar və siyasət sənədləri hazırlayacaq, bu materialların beynəlxalq ictimaiyyətə təqdim olunması istiqamətində əməkdaşlıq edəcəklər.

Bununla yanaşı, dekolonizasiya və neokolonializm mövzularında müntəzəm dialoqların, ortaq tədqiqat layihələrinin və illik beynəlxalq konfransların təşkili, həmçinin BTQ ekspertlərinin Afrika ölkələrində keçirilən tədbirlərdə iştirakı, gənc tədqiqatçılar üçün mübadilə və təlim proqramlarının həyata keçirilməsi də əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.