Azərbaycanda lombard və lizinq fəaliyyəti göstərən “Kredit Evi” ASC 2025-ci ili 4,844 milyon manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü illə müqayisədə 67,5 faiz çoxdur.
Postxronika.az xəbər verir ki, bu barədə “Baker Tilly Audit Azərbaycan” QSC tərəfindən audit olunmuş maliyyə hesabatında qeyd olunub.
Məlumata əsasən, ötən il şirkətin vergiyəqədərki mənfəəti 6,084 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 66,5 faiz artım deməkdir. Mənfəət vergisi üzrə ödənişlər isə 1,24 milyon manata çataraq illik müqayisədə 62,5 faiz yüksəlib.
2026-cı il yanvarın 1-nə olan vəziyyətə görə, “Kredit Evi”nin aktivləri 60,089 milyon manat olub. Bu, əvvəlki illə müqayisədə 32,1 faiz çoxdur. Aktivlərin 52,588 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Hesabat dövründə şirkətin lombard və lizinq portfeli 36,9 faiz genişlənib.
Eyni dövrdə ASC-nin öhdəlikləri 29,5 faiz artaraq 53,985 milyon manata, balans kapitalı isə 60,8 faiz yüksələrək 6,104 milyon manata çatıb.