Son aylarda Bakının müxtəlif ərazilərində sakinlər yol infrastrukturu, səs-küy, kanalizasiya və digər kommunal problemlərlə bağlı narazılıqlarını ictimailəşdirirlər. Müxtəlif media orqanlarında dərc olunan xəbərlər göstərir ki, paytaxtın bir sıra küçə və qəsəbələrində bu problemlər hələ də aktual olaraq qalır.
Postxronika.az xəbər verir ki, son aylarda mediada yer alan məlumatlara əsasən, Bakının müxtəlif ərazilərində yaşayan vətəndaşlar fərqli infrastruktur problemləri ilə bağlı şikayətlər səsləndirirlər.
Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsində Asəf Zeynallı küçəsində sakinlər piyada səkilərinin obyektlər tərəfindən zəbt edildiyini, bunun isə piyadaların hərəkətini təhlükəli etdiyini bildiriblər.
Abşeron rayonunun Hökməli qəsəbəsində Elşən Müslümov küçəsində yaşayanlar isə yağış suları, kanalizasiya problemi və yol infrastrukturunun yararsız vəziyyətdə olmasından narazılıq ediblər. Məsələ ilə bağlı aidiyyəti qurumlar müəyyən tədbirlərin görüldüyünü açıqlayıblar.
Binəqədi rayonunun Xutor qəsəbəsində sakinlər uzun müddət su sızmasının aradan qaldırılmadığını, bunun yaşayış şəraitinə mənfi təsir göstərdiyini bildiriblər.
Nəsimi rayonunun Cavadxan küçəsində yaşayanlar isə gecə saatlarında fəaliyyət göstərən iaşə obyektindən gələn yüksək səs-küy səbəbindən istirahət edə bilmədiklərini deyiblər. Daxili İşlər Nazirliyi müraciət əsasında obyekt barəsində inzibati tədbir görüldüyünü açıqlayıb.