Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 90 illiyi münasibətilə Moskva şəhərində keçirilən “ən yaxşı yol patrul xidməti əməkdaşı” adlı peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi böyük uğura imza atıb.
Postxronika.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Emil İbrahimov müsabiqəyə dəvət olunmuş MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüb. Beynəlxalq yarışda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Azərbaycandan olan yol polisi əməkdaşları qüvvələrini sınayıblar.
Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Sınaqlar çərçivəsində namizədlər yol hərəkəti qaydaları üzrə test imtahanı, yol hərəkətinin nizamlanması, qəza zamanı ilkin tibbi yardım, atəş və fiziki hazırlıq, həmçinin silahla davranış və təhlükəsizlik qaydaları üzrə mərhələlərdən keçiblər. Bütün sınaqlarda yüksək nəticə göstərən Emil İbrahimov yarışın mütləq qalibi olub.
Qeyd edək ki, bu, Emil İbrahimovun sözügedən nüfuzlu müsabiqədə ilk uğuru deyil. O, qurumun 80 illiyi münasibətilə keçirilən əvvəlki beynəlxalq yarışda da MDB ölkələri arasında birinci yeri qazanmışdı. Rusiya Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin iştirak etdiyi təntənəli mərasimdə qaliblərə mükafatlar təqdim olunub.