Bəzən bir regionun tarixini anlamaq üçün dövlətlərin qəbul etdiyi qərarlardan daha çox, həmin regionun taleyinə istiqamət vermiş şəhərlərə baxmaq lazımdır. Çünki şəhərlər təkcə yaşayış məntəqəsi deyil. Onlar siyasi qərarların qəbul edildiyi, iqtisadi münasibətlərin formalaşdığı, yeni ideyaların meydana çıxdığı və cəmiyyətin istiqamətinin dəyişdiyi məkanlardır. XIX əsrin sonu və XX əsrin əvvəllərində Cənubi Qafqazın tarixində iki şəhər xüsusi yer tuturdu. Bunlar Tiflis və Bakı şəhərləri idi.
Hər iki şəhər Rusiya imperiyasının tərkibində olsalar fərqli funksiyanı yerinə yetirirdilər.
Tiflis Qafqaz canişinliyinin yerləşdiyi şəhər idi. İdarəetmə strukturları, məhkəmələr, ali təhsil müəssisələri, mətbəələr, qəzet redaksiyaları və müxtəlif elmi-mədəni cəmiyyətlər burada fəaliyyət göstərirdi. Şəhərin siyasi statusu onun intellektual mühitini də gücləndirmişdi. Regionun müxtəlif yerlərindən gələn hüquqşünaslar, müəllimlər, publisistlər, yazıçılar və siyasətlə maraqlanan insanlar burada görüşür, müzakirə edir, qəzet çap etdirir və polemika aparırdılar. Tiflis təkcə qərarların verildiyi yox, ideyaların formalaşdığı şəhərə çevrilmişdi.
Təsadüfi deyil ki, gürcü, azərbaycanlı, erməni və digər xalqların ziyalıları yollarını mütləq Tiflisdən salırdılar. Burada qəzetlər nəşr olunur, yeni ideyalar müzakirə edilir, milli hərəkatların intellektual bazası formalaşırdı.
Azərbaycanın milli oyanış tarixini də Tiflissiz təsəvvür etmək mümkün deyil. "Əkinçi"dən sonra yaranan mətbuat ənənəsinin inkişafı, teatrın təşəkkülü, maarifçilik ideyalarının yayılması, siyasi təşkilatlanmanın ilk mərhələləri bu şəhərlə sıx bağlı idi. XX əsrin əvvəllərində Qafqazda fikir istehsal edən ən mühüm mərkəz məhz Tiflis idi.
Bakı isə başqa istiqamətdə inkişaf edirdi. Neft sənayesinin yüksəlişi şəhərin sosial strukturunu qısa müddətdə dəyişdirdi. Yeni zavodlar açılır, hasilat artır, əhali sürətlə çoxalırdı. İmperiyanın müxtəlif bölgələrindən gələn insanlar burada işləyir, şəhər qısa müddətdə çoxmillətli sənaye mərkəzinə çevrilirdi. Kapitalın cəmləşdiyi yerdə sosial ziddiyyətlərin də dərinləşməsi təəccüblü deyildi. Fəhlə hərəkatlarının, sosial-demokrat təşkilatlarının və müxtəlif siyasi cərəyanların Bakıda güclənməsi də məhz bu mühitlə bağlı idi.
Bu səbəbdən Tiflisdə idarəetmə, mətbuat, təhsil və intellektual mühit daha qabarıq görünürdü. Bakı isə sənayeləşmənin sürətləndirdiyi sosial dəyişikliklərin, fəhlə hərəkatlarının və yeni siyasi cərəyanların formalaşdığı əsas məkanlardan birinə çevrilmişdi.
Diqqət çəkən başqa bir məqam da var. Həmin dövrdə Qafqazın aparıcı ideoloji cərəyanlarının yolları bu iki şəhərdən keçirdi. Liberal düşüncədən sosializmə, millətçilikdən konstitusionalizmə qədər müxtəlif siyasi baxışlar həm Tiflisdə, həm də Bakıda tərəfdar tapırdı. Fərq ondadır ki, Tiflisdə bu ideyalar daha çox mətbuat, təhsil və siyasi dairələr vasitəsilə yayılırdı, Bakıda isə onların əsas sosial bazasını sənaye mühiti və fəhlə təşkilatları təşkil edirdi. Məhz bu fərq Tiflisin daha çox maarif və siyasi fikir mərkəzi, Bakının isə sənaye şəhəri kimi inqilabi proseslərin ön plana çıxdığı məkan kimi tanınmasına səbəb oldu.
Buna görə də Cənubi Qafqazın XIX-XX əsrlər tarixini yalnız dövlətlərin siyasəti və ya etnik münasibətlər üzərindən izah etmək kifayət deyil. Bu dövrü anlamaq üçün şəhərlərin daşıdığı funksiyalara və yaratdığı mühitə də baxmaq lazımdır.
Tiflis siyasi fikrin, maarifin və intellektual həyatın formalaşdığı əsas mərkəzlərdən biri idi. Bakı isə sənayeləşmənin yaratdığı iqtisadi gücün, yeni sosial münasibətlərin və inqilabi proseslərin daha qabarıq göründüyü şəhərə çevrilmişdi.
Məhz bu baxımdan Tiflis və Bakı XIX əsrin sonu - XX əsrin əvvəllərində Cənubi Qafqazın iki fərqli, lakin bir-birini tamamlayan mərkəzi idi. Əgər Tiflis regionun siyasi və intellektual beyni idisə, Bakı onun iqtisadi və sosial ürəyi rolunu oynayırdı. Bu iki şəhərin fərqli inkişaf yolu isə bütövlükdə Cənubi Qafqazın tarixində baş verən böyük dəyişiklikləri anlamaq üçün əsas açarlardan biridir.
Əli Novruzov (Tarixçi)