Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.

Postxronika.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına Xankəndi Mehmanxana Kompleksinə aid hoteldə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Ümumilikdə 101 otaqdan ibarət olan hoteldə 92 “deluxe”, 4 “superior”, 3 “deluxe suite” və 2 “executive suite” kateqoriyalı otaq mövcuddur. Eyni vaxtda 236 qonağın qala biləcəyi kompleksdə bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoran və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin olunacaq ki, onların da 20-si işğaldan azad edilən şəhər və rayonların sakinləridir.

Qeyd edək ki, işğaldan azad edilən digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir. Qədim tarixə malik Xankəndi şəhərində müasir hotellərin, istirahət mərkəzlərinin və iaşə obyektlərinin yaradılması prioritet istiqamətlərdən biridir. Bu addım qonaqlar üçün yüksək standartlara uyğun mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin miqyasını əyani nümayiş etdirir.