Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə atası, Ata Əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, dövlət başçısı görkəmli dövlət xadiminin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.
Prezident məktubunda qeyd edib ki, Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoyan, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz sədaqət nümunəsi göstərən və xalqının rifahı naminə fədakarcasına çalışan böyük lider olub. O, eyni zamanda Azərbaycanla Qətər arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında müstəsna xidmətlər göstərib.
İlham Əliyev Ata Əmirin Azərbaycana səfərlərini xoş təəssüratlarla xatırladığını vurğulayaraq, bu ağır itki ilə əlaqədar Qətər Əmirinə, onun ailə üzvlərinə və qardaş Qətər xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.