Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 13-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Yan Sonders ilə bir araya gəlib.

Postxronika.az "Report"a istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, tərəflər Azərbaycanla təşkilat arasındakı səmərəli və uzunmüddətli tərəfdaşlığın inkişafından məmnunluqlarını ifadə ediblər.

Görüşdə ölkəmizin gömrük sistemində həyata keçirilən ardıcıl islahatlardan danışılıb, beynəlxalq standartların tətbiqi prosesində ÜGT ilə əməkdaşlığın önəmi vurğulanıb. Həmçinin, qlobal təchizat zəncirinin dayanıqlılığının təmin edilməsi, beynəlxalq ticarətin asanlaşdırılması və gömrük prosedurlarının modernləşdirilməsi istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun da iştirak etdiyi görüşdə regional və beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, xüsusilə Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması məsələlərinə diqqət çəkilib, gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib.