IV Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq media nümayəndələrinin geniş tərkibi və müzakirə olunan mövzularla deyil, Prezident İlham Əliyevə ünvanlanan suallar və onlara verilən cavablarla da yadda qaldı.

Postxronika.az xəbər verir ki, Forum zamanı müxtəlif ölkələri təmsil edən jurnalistlər Prezidentə regiondakı vəziyyət, Ermənistanla münasibətlər, Qarabağ, beynəlxalq hüquq və geosiyasi proseslərlə bağlı mürəkkəb, bəzən isə qərəzli yanaşma hiss olunan suallar ünvanladılar. Bununla belə, dövlət başçısının cavabları emosiyadan uzaq, faktlara və məntiqə əsaslanması ilə seçildi.

Bu məqam forum iştirakçılarının da diqqətindən yayınmadı. Sualların mürəkkəbliyinə baxmayaraq, cavabların sadə, aydın və ardıcıl şəkildə təqdim olunması zalda xüsusi maraq doğurdu. Prezident İlham Əliyev hər bir suala konkret arqumentlər və məntiqi izahlarla cavab verərək mövqeyini əsaslandırdı.

Bu yanaşma ilk dəfə müşahidə olunmur. Vətən müharibəsi dövründə xarici media orqanlarına verdiyi müsahibələr zamanı da Prezident İlham Əliyev oxşar vəziyyətlərlə üzləşmişdi. Həmin dövrdə də ona qərəzli və çətin suallar ünvanlanırdı. Lakin dövlət başçısı həmin sualları emosional polemikaya çevirmədən, faktlara söykənən arqumentlərlə cavablandırır, Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya aydın şəkildə çatdırırdı.

IV Şuşa Qlobal Media Forumunda da eyni üslubun davam etdiyi müşahidə olundu. Mürəkkəb suallar qarşısında dəyişməyən məntiq, faktlara söykənən izahlar və ardıcıl mövqe Prezident İlham Əliyevin çıxışlarının əsas xüsusiyyətlərindən biri kimi yenidən diqqət çəkdi.