"Azərbaycan Hava Yolları" (AZAL) ilk dəfə olaraq iş yeri mədəniyyəti və əməkdaş məmnuniyyəti sahəsində qlobal səviyyədə tanınan “Great Place to Work” beynəlxalq sertifikatına layiq görülüb.

Postxronika.az "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, müstəqil qiymətləndirmə əməkdaşların anonim rəyləri əsasında aparılıb. Nəticələrə görə, sorğuda iştirak edən AZAL işçilərinin təxminən 80 faizi şirkəti etibarlı və müsbət iş mühiti kimi dəyərləndirib.

Milli aviadaşıyıcının insan kapitalına yatırdığı ardıcıl investisiyalar və müasir idarəetmə yanaşmaları artıq öz bəhrəsini verməkdədir. Belə ki, şirkət əməkdaşların peşəkar inkişafının dəstəklənməsini və bərabər imkanlar yaradan sağlam iş mühitinin təşviqini daim diqqət mərkəzində saxlayır.

Qurumun insan resursları direktoru Ellada Alışova bu uğuru şirkətdəki etimada əsaslanan mühitin beynəlxalq səviyyədə tanınması kimi xarakterizə edib: “Sertifikatın birbaşa əməkdaşlarımızın rəylərinə əsaslanması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə də işçilərimiz üçün inkişaf imkanlarını genişləndirməyə və inklüziv iş mühitini daha da gücləndirməyə davam edəcəyik”.

Qeyd edək ki, ilk dəfə əldə olunan bu sertifikat AZAL-ın etibarlı işəgötürən kimi mövqeyini möhkəmləndirməklə yanaşı, insan resurslarının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.