İyulun 20-də Xaçmazdakı Tarix Diyarşünaslıq Muzeyində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin vətəndaşlarla qəbulu keçiriləcək. Görüşdə Quba, Qusar və Xaçmaz sakinləri iştirak edə bilərlər.
Postxronika.az xəbər verir ki, qəbul zamanı nazir şimal bölgəsi üzrə nəqliyyat, poçt və telekommunikasiya (internet, teleradio yayımı) xidmətləri ilə bağlı vətəndaşların müraciətlərini dinləyəcək.
Görüşdə iştirak etmək istəyənlər iyulun 17-dək nazirliyin 1655 Çağrı Mərkəzi, office@mincom.gov.az elektron poçtu, eləcə də 010 250 48 48 və 012 598 58 58 (daxili: 222 və 290) nömrələri vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti qurumları rəhbərlərinin iyul ayı üzrə vətəndaşları qəbul cədvəlinə əsasən təşkil olunur.