Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarusda rəsmi səfərdədir.
Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəvəti əsasında baş tutub. Rəsmi qarşılanma mərasimindən sonra Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətimiz Minskdəki Qələbə abidəsini ziyarət edərək önünə əklil qoyub. Daha sonra qonaqlar Belarus Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri bölməsində olaraq, müəssisənin tədris-maddi bazası və laboratoriyaları ilə yaxından tanış olublar.