Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun növbəti buraxılış mərasimi keçirilib.

Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə ölkəmizdə həyata keçirilən ordu quruculuğuna həsr olunan xüsusi videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov gənc leytenantları təbrik edib. Rektor hərbi təhsil sahəsində aparılan islahatlardan danışaraq, gənc zabitlərin gələcəkdə xidmət edəcəkləri bölmələrin döyüş ruhunu və mənəvi-psixoloji hazırlığını yüksəldəcəklərinə əminliyini ifadə edib.

Kurs birincisi leytenant Sənan Piriyev isə məzunlar adından yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlığını bildirib. Daha sonra o, rəmzi yaş kötüyünə xatirə lövhəsi vurub.

Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən gənc zabitlərə sertifikat, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.