Tarixdə elə hadisələr var ki, onların təsiri yalnız baş verdiyi ölkənin sərhədləri ilə məhdudlaşmır. Bu hadisələr bütöv bir dövrün sonunu gətirir və yeni siyasi, hüquqi və ictimai münasibətlər sisteminin başlanğıcını qoyurlar. 1789-cu ildə Fransada başlayan cahanşümul inqilab məhz belə tarixi hadisələrdən idi. Bu inqilab təkcə Burbon monarxiyasının taleyini dəyişdirmədi, həm də Avropada əsrlərlə hökm sürmüş feodal-mütləqiyyət sistemini sarsıtdı, xalq suverenliyi, hüquq qarşısında bərabərlik və vətəndaşlıq kimi anlayışları müasir siyasi düşüncənin əsas prinsiplərinə çevirdi.
Bununla belə, Böyük Fransa inqilabını yalnız azadlığın və demokratiyanın qələbəsi kimi təqdim etmək tarixi reallığı tam əks etdirməzdi. Çünki eyni inqilab sonradan Terror dövrünü, vətəndaş müharibəsini və minlərlə insanın həyatına son qoyan siyasi zorakılığı da doğurdu. Elə buna görə də iki əsrdən artıqdır ki, tarixçilər Fransa inqilabının mahiyyəti barədə müxtəlif mövqelər irəli sürürlər.
Fransa inqilabından danışmazdan əvvəl isə bir suala cavab vermək lazımdır.
İnqilab nədir?
Tarixşünaslıqda bu anlayışa vahid tərif yoxdur. İngilis tarixçisi Kreyn Brinton inqilabı cəmiyyətin dərin siyasi və sosial böhran nəticəsində əsas institutlarının dəyişməsi prosesi kimi izah edirdi. Amerikalı politoloq Samuel Hantinqton hesab edirdi ki, inqilab sadəcə hakimiyyət dəyişikliyi deyil, dövlət institutlarının, siyasi legitimliyin və ictimai münasibətlərin köklü şəkildə yenidən qurulmasıdır. Alman əsilli siyasi filosof Hannah Arendt isə yazırdı ki, əsl inqilabın məqsədi yalnız köhnə hakimiyyəti devirmək deyil, yeni siyasi azadlıq məkanı yaratmaqdır.
Bu baxımdan inqilabı dövlət çevrilişi ilə eyniləşdirmək doğru olmazdı. Dövlət çevrilişində hakimiyyət adətən bir siyasi qrupdan digərinə keçir, lakin cəmiyyətin əsas institutları olduğu kimi qalır. İnqilab isə siyasi hakimiyyətlə yanaşı, hüquqi sistemi, sosial münasibətləri və dövlət idarəçiliyinin əsaslarını dəyişdirməyə çalışır.
Lakin tarix göstərir ki, inqilablar həmişə azadlıq və rifah gətirmir. İngilis mütəfəkkiri Edmund Burke hələ 1790-cı ildə yazırdı ki, tarixi institutların qəfil dağıdılması cəmiyyəti sabitlikdən çox xaosa apara bilər. Fransız tarixçisi François Furet Böyük Fransa inqilabının daxilində terrora aparan siyasi məntiqin mövcud olduğunu vurğulayırdı. Marksist tarixçi Albert Soboul isə bu hadisəni feodalizm üzərində burjuaziyanın tarixi qələbəsi kimi qiymətləndirirdi. İngilis tarixçisi Eric Hobsbawm isə Fransa inqilabını müasir dünyanın formalaşmasına ən böyük təsir göstərmiş hadisələrdən biri hesab edirdi.
Bu müxtəlif yanaşmalar göstərir ki, Böyük Fransa inqilabını yalnız bir prizmadan qiymətləndirmək mümkün deyil. O, həm azadlığın, həm də zorakılığın; həm hüquqi yenilənmənin, həm də siyasi radikallaşmanın tarixidir.
XVIII əsrin sonlarında Fransa Avropanın ən qüdrətli dövlətlərindən biri idi. Lakin bu ölkədə ağır maliyyə böhranı hökm sürürdü. Dövlət xəzinəsi boşalmış, uzun illər davam edən müharibələr və sarayın yüksək xərcləri büdcəni iflas həddinə çatdırmışdı. Cəmiyyət hüquqi baxımdan üç silkdən ibarət idi. Birinci silk ruhanilərdən, ikinci silk isə zadəganlardan təşkil olunurdu. Bu iki silk əhalinin az hissəsini təşkil etsə də, geniş imtiyazlara malik idi. Onlar müxtəlif vergi güzəştlərindən istifadə edir, yüksək dövlət vəzifələrinə çıxışda üstün mövqedə dayanırdılar.
Üçüncü silk isə cəmiyyətin böyük əksəriyyətini - şəhər burjuaziyasını, tacirləri, sənətkarları, hüquqşünasları, ziyalıları və milyonlarla kəndlini əhatə edirdi. Lakin bu silk daxilində də ciddi fərqlər mövcud idi. Bir tərəfdə iqtisadi baxımdan güclənən və siyasi hüquqlar tələb edən burjuaziya, digər tərəfdə isə ağır vergilər və feodal öhdəlikləri altında yaşayan kəndli kütlələri dayanırdı. Üçüncü silk ölkənin əsas iqtisadi yükünü daşısa da, siyasi hakimiyyət sistemində çox məhdud rol oynayırdı.
Xüsusilə kəndlilər torpaq sahiblərinə-feodallara müxtəlif vergilər ödəyir verir, kilsəyə onda bir vergisi ödəyir və dövlət vergilərini də daşıyırdılar. Beləliklə, iqtisadi gücü və say üstünlüyü ilə ölkənin əsas dayağı olan üçüncü silk hüquqi və siyasi baxımdan imtiyazlı təbəqələrdən daha aşağı mövqedə idi. Artıq bu sistem XVIII əsrin sonlarında dəyişən iqtisadi və ictimai münasibətlərin tələblərinə cavab vermirdi.
Böhranı dərinləşdirən amillərdən biri Fransanın Amerika İstiqlal müharibəsində iştirakı oldu. Böyük Britaniyaya qarşı mübarizədə Amerika koloniyalarına göstərilən maliyyə və hərbi yardım Fransa büdcəsinə ağır zərbə vurdu. Eyni zamanda, Fransanın Amerika İstiqlal müharibəsində iştirakı yalnız maliyyə böhranını dərinləşdirmədi, həm də yeni siyasi ideyaların yayılmasına təsir göstərdi. Britaniyaya qarşı mübarizədə iştirak edən fransız zabitləri və ziyalıları Atlantik okeanının o tayında konstitusiya, xalq təmsilçiliyi və vətəndaş hüquqları kimi anlayışlarla tanış oldular. Onlar Amerikada formalaşan yeni siyasi təcrübəni Fransaya gətirdilər və bu ideyalar artıq köhnə rejimə qarşı artan narazılıqla birləşməyə başladı.
Bu dövrdə Avropada geniş yayılan Maarifçilik hərəkatı isə ənənəvi hakimiyyət və ictimai quruluş haqqında yeni baxışlar formalaşdırırdı. XVIII əsr Maarifçiləri insan ağlını, elmi düşüncəni və fərdi hüquqları cəmiyyətin inkişafının əsas amilləri hesab edirdilər. Onlar mütləq monarxiyanın qeyri-məhdud hakimiyyətini, dini dözümsüzlüyü və imtiyazlı təbəqələrin hüquqi üstünlüyünü tənqid edir, daha ədalətli siyasi sistemin yaradılmasını müdafiə edirdilər.
Fransız filosofu Volter kilsənin siyasi təsirini və dini dözümsüzlüyü tənqid edir, fikir və vicdan azadlığını müdafiə edirdi. Monteskyö hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinə bölünməsi prinsipini irəli sürərək, siyasi azadlığın əsas şərtinin hakimiyyətin məhdudlaşdırılması olduğunu göstərirdi. Jan Jak Russo isə "ictimai müqavilə" nəzəriyyəsi ilə xalq suverenliyi ideyasını inkişaf etdirir, hakimiyyətin ilahi hüquqdan deyil, xalqın iradəsindən qaynaqlandığını müdafiə edirdi.
Bununla yanaşı, Didro və digər ensiklopedistlər elmi biliklərin yayılmasına, cəmiyyətin maariflənməsinə və tənqidi düşüncənin inkişafına böyük töhfə verdilər. Maarifçilik ideyaları əvvəlcə əsasən ziyalı dairələrində yayılsa da, XVIII əsrin sonlarına doğru siyasi mübarizənin əsasən metoduna çevrildi. Azadlıq, bərabərlik, qanunun aliliyi və xalqın siyasi iştirak hüququ kimi anlayışlar artıq yalnız fəlsəfi müzakirələrin mövzusu deyil, köhnə rejimin dəyişdirilməsini tələb edən ictimai hərəkatın əsas tələbləri idi.
Maliyyə böhranından çıxış yolu tapa bilməyən Fransa kralı XVI Lui 1789-cu ilin mayında 1614-cü ildən bəri ilk dəfə Baş Ştatları çağırdı. Lakin kralın gözlədiyinin əksinə olaraq, əsas mübahisə vergi deyil, siyasi təmsilçilik məsələsi ətrafında başladı. Üçüncü silk nümayəndələri əhalinin böyük hissəsini təmsil etdiklərini əsas gətirərək səsvermənin silk üzrə deyil, deputatların ümumi sayı üzrə keçirilməsini tələb etdilər. Tələbləri qəbul edilmədikdə isə 1789-cu il iyunun 17-də özlərini Milli Assambleya elan etdilər.
Üç gün sonra tarixə Tennis Kortu andı kimi düşən hadisə baş verdi. İclas zalına buraxılmayan deputatlar yaxınlıqdakı qapalı tennis meydançasında toplaşaraq Fransa üçün konstitusiya qəbul olunmayınca fəaliyyətlərini dayandırmayacaqlarına and içdilər. Bu hadisə hakimiyyətin mənbəyinin kral deyil, millət olması ideyasının ilk açıq siyasi bəyanatı idi.
Parisdə gərginlik getdikcə artırdı. Kralın paytaxt ətrafına qoşun toplaması əhali arasında narahatlığı daha da gücləndirdi. Nəhayət, 1789-cu il 14 iyulda silahlanmış parislilər Bastiliya qalasına hücum etdilər. Bastiliya hərbi baxımdan ciddi əhəmiyyət daşımırdı, lakin o, mütləq monarxiyanın və özbaşına həbslərin simvolu idi. Qalanın alınması Fransa inqilabının rəmzinə çevrildi və bu gün də Fransanın milli bayramı kimi qeyd olunur.
Bastiliyanın süqutundan sonra inqilab əyalətlərə yayıldı. Kəndlilər feodal mülklərinə hücum edir, mükəlləfiyyət sənədlərini yandırırdılar. Tarixə "Böyük Qorxu" (La Grande Peur) adı ilə düşən bu hadisələr Milli Assambleyanı köklü qərarlar qəbul etməyə məcbur etdi. 1789-cu il avqustun 4-də feodal imtiyazları ləğv edildi və bununla Fransa cəmiyyətinin əsrlərlə mövcud olmuş hüquqi təməlləri dağıldı.
Avqustun 26-da qəbul edilən "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi" isə inqilabın ideoloji proqramına çevrildi. Sənəddə insanların azad və hüquq baxımından bərabər doğulduğu, qanun qarşısında hamının bərabər olduğu, hakimiyyətin mənbəyinin millət olduğu, söz, vicdan və mülkiyyət hüququnun toxunulmazlığı elan edilirdi. Sonrakı dövrdə bu prinsiplər yalnız Fransada deyil, Avropanın və dünyanın bir çox ölkəsinin konstitusiya hüququnun inkişafına təsir göstərdi.
Lakin 1789-cu ilin uğurları bütün problemləri həll etmədi. Əksinə, inqilab irəlilədikcə siyasi düşərgələr arasındakı fikir ayrılığı dərinləşir, xarici dövlətlərin təzyiqi artır, ölkədaxili böhran isə daha təhlükəli xarakter almağa başlayırdı. Azadlıq uğrunda başlayan hərəkat getdikcə daha sərt metodlara üz tuturdu.
Böyük Fransa inqilabının ilk mərhələsi köhnə rejimin süqutu və yeni siyasi prinsiplərin doğuluşu ilə tarixə düşdü. Lakin qarşıdakı illər göstərəcəkdi ki, inqilabın ən ağır sınağı köhnə sistemi dağıtmaq deyil, yeni sistemi zorakılığa yol vermədən qorumaq idi. Məhz bu məqamdan etibarən Fransa inqilabı özünün ən dramatik mərhələsinə - Terror dövrünə doğru irəliləyirdi.
Davamı II hissədə...
Əli Novruzov (Tarixçi)