Naxçıvan Muxtar Respublikasında iki dövlət qurumu ləğv edilərək yeni agentlik yaradılıb.
Postxronika.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək ƏƏSMN-in tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi təsis edilib.
Yeni yaradılan agentlik Naxçıvanda icbari tibbi sığortanın tətbiqini, xidmətlər zərfi üzrə tibbi xidmətlərin maliyyələşdirilməsini, icbari tibbi sığorta fondunun vəsaitinin idarə olunmasını, dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək. Qurum eyni zamanda əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahəsində də fəaliyyət göstərəcək.
Qərara əsasən, yeni agentlik ləğv olunan hər iki qurumun hüquqi varisi hesab olunur. Onların bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yeni yaradılan agentliyə verilir.
Bununla yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibbi vasitələrlə təmin olunmasına dair səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı səlahiyyətləri, həmçinin tabeliyindəki reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə verilib.
Yeni agentliyin idarə olunması üçün sədr və iki müavindən ibarət üç nəfərlik İdarə Heyəti yaradılacaq.
Qurumun maliyyələşməsi Naxçıvan Muxtar Respublikasının büdcəsi, icbari tibbi sığorta fondunun vəsaiti, eləcə də nizamnamədə nəzərdə tutulan digər mənbələr hesabına həyata keçiriləcək.
Qərar iyulun 13-də imzalanıb və elə həmin gündən qüvvəyə minib.
Xatırladaq ki, bundan bir gün əvvəl Naxçıvanda “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi də ləğv edilib.