Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Oman Xəbər Agentliyi (ONA) arasında xəbər və informasiya mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.

Postxronika.az xəbər verir ki, sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Oman Xəbər Agentliyinin Baş direktoru İbrahim Salim Al Salmi imzalayıblar.

Memoranduma əsasən, tərəflər ərəb, ingilis və digər dillərdə hazırlanan xəbər bülletenlərini, eləcə də foto və videomaterialları qarşılıqlı və ödənişsiz əsaslarla mübadilə edəcəklər.

Razılaşmada media sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə təlim proqramlarının təşkili, ekspert səfərlərinin həyata keçirilməsi və elmi tədqiqatların təşviqi də nəzərdə tutulur.

Sənədə əsasən, hər iki tərəf müəllif hüquqlarına hörmətlə yanaşmağı, yayımlanan materiallardan istifadə zamanı mənbəni düzgün göstərməyi və ilkin məzmunun təhrif edilməməsini təmin etməyi öhdəsinə götürüb.