Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda “Səyyar gənclər xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil olunub.
Postxronika.az xəbər verir ki, “Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən tədbirin açılışında İsmayıllı Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Azərbaycan Respublikasının Gənclər Fondunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri iştirak ediblər.
Məlumata görə, layihə çərçivəsində gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera” və “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları keçirilib. Bununla yanaşı, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunub, həmçinin rəqəmsal alətlərdən istifadə ilə bağlı peşəkar mütəxəssislərlə görüş baş tutub.
Tədbirdə narkotik asılılığı ilə mübarizə istiqamətində də maarifləndirici çıxışlar edilib. Gənclərə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların insan sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, asudə vaxtın səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik təhlükələri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər aktual mövzular müzakirə olunub.
Tədbirin sonunda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı maarifləndirici materiallar iştirakçılara paylanılıb.