“SpaceX” şirkəti “Starship” super ağır raket sisteminin 13-cü sınaq buraxılışının 16 iyul tarixində həyata keçiriləcəyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, buraxılış ABŞ-ın Texas ştatındakı “Starbase” kosmodromundan baş tutacaq. Buraxılış pəncərəsi yerli vaxtla saat 17:45-də, Bakı vaxtı ilə isə 17 iyul saat 00:45-də açılacaq.
Məlumata görə, bu missiyada “Ship 40” gəmisi və “Booster 20” gücləndiricisindən istifadə ediləcək. Uçuş təkmilləşdirilmiş “Starship V3” sisteminin ikinci sınağı olacaq.
Missiyanın əsas yeniliyi orbitə ilk dəfə canlı yükün göndərilməsidir. “Starship 20” yeni nəsil “Starlink V3” peyklərini daşıyacaq. Peyklərdən altısı kosmik gəminin istilik qoruyucu örtüyünün vəziyyətini izləmək üçün xüsusi kameralarla təchiz edilib. Lakin uçuş suborbital trayektoriya üzrə həyata keçiriləcəyindən peyklər orbitdə qalmayacaq, ayrıldıqdan sonra atmosferə daxil olaraq yanacaqlar.
Sınaq çərçivəsində “SpaceX” həmçinin “Raptor” mühərrikinin imkanlarını, atmosferə yenidən giriş zamanı istilik mühafizəsi sisteminin fəaliyyətini yoxlamağı və missiyanı Hind okeanında idarə olunan sıçrayışla başa çatdırmağı planlaşdırır.
Şirkət bundan əvvəlki – may ayında keçirilən sınaq uçuşunun nəticələrinə əsasən raketin proqram təminatında və texniki hissəsində bir sıra dəyişikliklər edib. Həmin sınaqda “Super Heavy” gücləndiricisinin yenidən giriş mərhələsində bəzi mühərriklərin sıradan çıxması səbəbindən planlaşdırılan yumşaq eniş baş tutmamışdı.
Bundan bir gün əvvəl “SpaceX”in sahibi İlon Mask Yerin aşağı orbitində data mərkəzlərinin yaradılması ilə bağlı vaxt cədvəlini də açıqlayıb. O bildirib ki, şirkət yeni peyklərin buraxılışına gələn ildən başlamağı planlaşdırır və 2028-ci ilə qədər bu istiqamətdə ciddi irəliləyiş əldə etməyi hədəfləyir. Mask sosial media hesabında “Biz onların buraxılışına gələn il başlayacağıq”, – deyə yazıb.
Qeyd edək ki, “SpaceX” daha əvvəl süni intellekt üçün ən böyük kosmik hesablama infrastrukturunun yaradılmasını nəzərdə tutan “Starmind” orbital data mərkəzi şəbəkəsi layihəsinin yeni detallarını da təqdim edib.