İspaniyanın Baş naziri Pedro Sançes meşə yanğınlarından zərər çəkmiş Almeriya vilayətinin Los Qallardos bölgəsinə səfər edərək Avropa ölkələrini iqlim böhranına qarşı geniş əməkdaşlıq platforması yaratmağa çağırıb.
Postxronika.az xəbər verir ki, Sançes təsirlənmiş ərazilərə havadan baxış keçirdikdən və təcili yardım qərargahında keçirilən müşavirədə iştirak etdikdən sonra iqlim dəyişikliyinin nəticələrinin artıq Avropada açıq şəkildə hiss olunduğunu bildirib.
“İqlim dəyişikliyi öldürür. Hökumət bütün səviyyələrdə bu çətinliyə hazır olmalıdır”, – deyə İspaniya hökumətinin başçısı vurğulayıb.
Pedro Sançes Əndəlüs Muxtar İcmasının Baş naziri Xuanma Moreno ilə birlikdə zərər çəkmiş bələdiyyələrin merləri ilə görüşüb. O, yanğınla mübarizədə iştirak edən yanğınsöndürənlərə, Hərbi Fövqəladə Halların İdarə Edilməsi Bölməsinin (UME) əməkdaşlarına və digər təcili yardım xidmətlərinin nümayəndələrinə göstərdikləri fədakar xidmətə görə təşəkkürünü ifadə edib.
İlkin məlumata əsasən, meşə yanğını nəticəsində 13 nəfər həyatını itirib, daha 10 nəfər itkin düşmüş hesab olunur. Alov təxminən 7 min hektar ərazini külə döndərib.
Yanğının söndürülməsinə 200-dən çox briqada, çoxsaylı yanğınsöndürmə avtomobilləri, helikopterlər, amfibiya təyyarələri və UME bölmələri cəlb olunub.
Hazırda əsas diqqət yanğının qaynar nöqtələrinin tam söndürülməsinə və itkin düşən şəxslərin axtarışlarının davam etdirilməsinə yönəldilib.
Məlumata görə, yanğın artıq sabitləşdirilib. Bölgədə axtarış-xilasetmə və yanğınsöndürmə işləri davam edir. Bundan əvvəl təhlükəsizlik məqsədilə təxliyə olunan təxminən 1600 sakinin böyük hissəsi isə artıq öz evlərinə qayıdıb.