İyulun 15-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 78,5 faizində biçin işləri yekunlaşıb.
Postxronika.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın məlumatına görə, indiyədək 755 min 500 hektar sahədə biçin aparılıb, 2 milyon 636 min 623 ton məhsul yığılıb. Hazırda orta məhsuldarlıq 34,9 sentner/hektar təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 sentner çoxdur.
Məlumata əsasən, buğda sahələrinin 67 faizində, arpa sahələrinin isə 89,3 faizində biçin başa çatıb. Buğda üzrə orta məhsuldarlıq 38,2 sentner, arpa üzrə isə 32,6 sentner/hektar təşkil edir.
Artıq Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Masallı, Neftçala, Sabirabad, Salyan, Kəlbəcər və Şuşa daxil olmaqla 13 rayonda biçin tam yekunlaşıb. Bir sıra digər rayonlarda isə biçin işləri başa çatmaq üzrədir.
Kənd Təsərrüfatı Nazirliyi respublika üzrə biçin prosesinin optimal müddətdə yekunlaşacağını proqnozlaşdırır.