2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat həcmində investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz çoxdur.
Postxronika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 34,3 faiz artaraq 3 milyard 163,6 milyon manata çatıb. Qeyri-neft-qaz sektoruna yatırılan investisiyalar isə 5,5 faiz artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.
Əsas kapitala yönəldilən investisiyaların 5 milyard 41,6 milyon manatı məhsul istehsalı sahələrinə yönəldilib ki, bu da real ifadədə 22,1 faiz artım deməkdir. Xidmət sahələrinə yatırılan investisiyaların həcmi 9,3 faiz artaraq 2 milyard 955,2 milyon manat olub.
Bununla yanaşı, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz azalaraq 1 milyard 298,4 milyon manat təşkil edib.