Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında magistratura pilləsinin beşinci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Postxronika.az DSX-nin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Akademiyada yerləşən “Heydər Əliyev guşəsi”ni ziyarət edib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyublar.

Mərasimdə Döyüş Bayrağı gətirildikdən sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi altında sərhəd mühafizəsi sisteminin davamlı inkişaf etdiyini, Akademiyada peşəkar zabit kadrlarının yetişdirilməsi üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıblar. Bildirilib ki, magistratura məzunları təhsil müddətində lazımi bilik və vərdişlərə yiyələnərək dövlət sərhədlərinin etibarlı mühafizəsinə töhfə verməyə hazır olduqlarını nümayiş etdiriblər.

Daha sonra magistratura pilləsini müvəffəqiyyətlə başa vuran 7 məzuna diplom təqdim olunub. Onlardan 5-nin tədrisi fərqlənmə ilə bitirərək yüksək hazırlıq səviyyəsi göstərdiyi qeyd edilib.

Sonda məzunlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərinin keşiyində şərəflə dayanacaqlarına söz veriblər.