Azərbaycan Alpinizm Federasiyasının gənclərdən ibarət milli komandası ilk dəfə olaraq idman dırmanması üzrə Dünya Gənclər Çempionatında ölkəmizi təmsil edəcək.
Postxronika.az xəbər verir ki, mötəbər yarış 18–25 iyul tarixlərində İtaliyanın Arko (Arco) şəhərindəki “Rock Master Climbing Stadium”da baş tutacaq. Çempionatda idmançılarımız U17 və U19 yaş kateqoriyalarında "Boulder", "Lead" və "Speed" növləri üzrə mübarizə aparacaqlar.
Azərbaycan alpinizm tarixində mühüm mərhələ hesab olunan bu iştirak gənc idmançılarımızın beynəlxalq təcrübə qazanması və dünyanın ən güclü rəqibləri ilə yarışması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, dünya idman dırmanmasının əsas mərkəzlərindən sayılan Arkodakı yarışa təxminən 60 ölkədən 650-yə yaxın idmançının, ümumilikdə isə 1000-dən çox nümayəndənin qatılması gözlənilir. Federasiyanın əsas hədəfi gənclərimizin beynəlxalq arenada inkişafına töhfə vermək və gələcək yarışlarda davamlı iştirak üçün möhkəm zəmin yaratmaqdır.