Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət milli komandamız 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək U17 dünya çempionatına hazırlığını davam etdirir.
Postxronika.az xəbər verir ki, yığmanın böyük məşqçisi Rafiq Hüseynov Bakıda keçirilən təlim-məşq toplanışı və komandanın ümumi hazırlıq prosesi barədə fikirlərini bölüşüb.
Mütəxəssis idmançıların vəziyyətini müsbət dəyərləndirərək bildirib:
“Ölkə çempionatından sonra bir çox yerlərdə təlim-məşq toplanışı keçdik. Hazırlıqlara Şamaxıda başladıq. Ardınca Özbəkistanın Buxara şəhərində təlim-məşq toplanışı keçdik. Həmin toplanışda Türkiyədə keçirilən “Zəfər kuboku” üçün seçimlərimizi etdik. Həmin yarışda nəticə verən idmançılarımız Avropa çempionatı üçün nəzərdə tutulmuş heyətə daxil edildilər. Qitə birinciliyindən sonra artıq 3-cü təlim-məşq toplanışımızı keçirik. Son hazırlıq prosesi komandanın tam formaya düşməsinə xidmət edəcək. Komandamız optimal hazırlıq səviyyəsindədir. Kiçik zədələr ciddi problem yaratmır. Dünya çempionatına qədər ümumilikdə 10 təlim-məşq toplanışı keçmiş olacağıq. Bu hazırlıq prosesləri Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək səviyyədə təşkil edilib və bizə maksimum dəstək verilib”.