Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq planına uyğun olaraq bu ilin noyabr ayında Azərbaycanda “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək.

Postxronika xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, artıq təlimin əsas planlaşdırma konfransı keçirilib. Təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları da iştirak edəcəklər.

Məlumata görə, təlimin ssenarisi Azərbaycan, Türkiyə və Gürcüstan ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiəsinin təşkili üzərində qurulub.

Konfrans zamanı təlimin mövzusu, məqsədləri, birgə qərargahın tərkibi, ərazidə icra ediləcək taktiki epizodlar və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.