Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri iyulun 16-da Qazaxda başlanıb. “Sözün hekayəsi” şüarı ilə keçirilən tədbir Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması və müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.

Postxronika.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qazax şəhərindəki Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqif və Molla Vəli Vidadinin heykəli önünə gül dəstələri düzüblər.

​Qazax Ədəbiyyat Muzeyində davam etdirilən tədbirdə çıxış edən AYB Qazax bölməsinin sədri Barat Vüsal poeziya günlərinin əsasının Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulduğunu xatırladıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramının əhəmiyyətini vurğulayıb.

​Mədəniyyət nazirinin müavini Fərid Cəfərov M.P.Vaqifin yaradıcılığından danışıb, həmçinin işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa-quruculuq işlərindən söz açıb. AYB-nin katibi İlqar Fəhmi tədbirin məqsədini belə ifadə edib:

​“Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir.”

​Tədbirdə şairlər Saqif Qaratorpaq və Rəfail İncəyurd da çıxış ediblər.

​Qeyd edək ki, Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi iyulun 17-də Şuşada dahi şairin məqbərə kompleksinin önündə keçiriləcək.