​Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi danışıqları Şuşada aparmaq təklifi ilə dərhal razılaşdığını bildirib.

Postxronika.az xəbər verir ki, bu barədə Slovakiya dövlət başçısı "AnewZ" telekanalına müsahibəsində bildirib.

​Azərbaycanda artıq bir neçə dəfə olmasına baxmayaraq, Şuşaya ilk dəfə səfər etdiyini vurğulayan P. Pelleqrini deyib:

​"Bu, mənim Şuşaya ilk səfərimdir. İdeya Prezident İlham Əliyevə məxsusdur, o məndən rəsmi qarşılanma mərasiminin və digər bütün əsas tədbirlərin bu dəfə Bakıda deyil, Şuşada keçirilməsinə razı olub-olmayacağımı soruşdu. Və əlbəttə ki, mən dərhal razılaşdım, çünki bu torpağın tarixini bilirəm".

​Slovakiya Prezidenti həmçinin qeyd edib ki, o və rəhbərlik etdiyi nümayəndə heyəti şəhərdə aparılan genişmiqyaslı bərpa işlərinə, infrastruktura edilən irimiqyaslı yatırımlara heyran qalıb.

​Xatırladaq ki, Slovakiya Prezidenti iyulun 13-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olub.