İçərişəhərdə yerləşən XII əsrə aid tarixi Aşur məscidində iyulun 17-də Numizmatika Muzeyinin açılış mərasimi keçirilib.
Postxronika.az xəbər verir ki, tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, muzey ölkənin tarixi, iqtisadi və mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, muzey yalnız eksponatların nümayiş olunduğu məkan deyil, həm də elmi-tədqiqat, seminar və konfransların keçirildiyi mərkəz kimi fəaliyyət göstərəcək.
AMEA-nın prezidenti İsa Həbibbəyli qeyd edib ki, numizmatika dövlətçilik tarixinin əsas mənbələrindən biridir və yeni muzey Azərbaycanın dövlətçilik ənənələrinin araşdırılması və təbliğinə mühüm töhfə verəcək.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev isə muzeyin ölkənin maddi-mədəni irsinin qorunması istiqamətində mühüm addım olduğunu vurğulayıb.
Muzeyin fond işləri üzrə mütəxəssisi Şahin Əliyevin sözlərinə görə, ekspozisiyada antik dövrdən müasir dövrədək Azərbaycanın dövlətçilik tarixini, ticarət əlaqələrini və pul dövriyyəsini əks etdirən nadir sikkələr nümayiş olunur. O bildirib ki, burada numizmatika sahəsində elmi tədqiqatların aparılması, seminar və konfransların təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan Aşur məscidində fəaliyyətə başlayan Numizmatika Muzeyində e.ə. III əsrdən eramızın XX əsrinədək olan dövrü əhatə edən 200-dən çox nadir sikkə sərgilənir. Bu eksponatlar Azərbaycanın dövlətçilik tarixi, pul dövriyyəsi və ticarət əlaqələrinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.