Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müəyyən etdiyi prioritetlərə uyğun olaraq keçirilən “Yay Fest 2026” festivalına start verilib.


Postxronika.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun məlumatına görə, festivalın ilk mərhələsi olan “Rəqəmsal Dövlət” düşərgəsində ölkənin müxtəlif bölgələrindən olan gənclər süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar sahəsində maarifləndirilib.


Düşərgə çərçivəsində aparıcı jurnalistlər, universitet rektorları və süni intellekt mütəxəssislərinin iştirakı ilə rəqəmsal savadlılıq, gələcəyin peşələri, rəqəmsal dövlət xidmətləri, media və süni intellekt mövzularında görüşlər və interaktiv sessiyalar təşkil olunub. İştirakçılar ekspertlərlə müzakirələr apararaq yeni bilik və bacarıqlar əldə ediblər.


Festival proqramına həmçinin master-klasslar, intellektual oyunlar, idman yarışları, stolüstü oyunlar, haykinq, DJ proqramları və tonqalətrafı görüşlər də daxil edilib.


Sentyabrın 4-dək davam edəcək “Yay Fest 2026” çərçivəsində 2 mindən çox gəncin iştirakı ilə daha yeddi tematik düşərgənin keçirilməsi nəzərdə tutulur. Düşərgələr “Media və rəqəmsal savadlılıq”, “Kreativ AI”, “Müasir şəhərlər və texnologiya”, “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq”, eləcə də “AI – İdman və sağlamlıq” mövzularını əhatə edəcək.


Qeyd edək ki, “Yay Fest 2026” Azərbaycan Gənclər Fondunun dəstəyi və bir sıra gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilir. 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclər yayfest.az vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müraciət edə bilərlər.