​Yay mövsümündə yol-nəqliyyat hadisələri, idman zədələri və məişət travmalarının sayının artması təhlükəsizlik qaydalarına əməl etməyin əhəmiyyətini bir daha gündəmə gətirir.

Postxronika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktor müavini – Baş həkim Nizami Məmmədov travmaların profilaktikası, müasir müalicə üsulları, ilk yardım qaydaları və reabilitasiyanın rolu barədə danışıb.

​N.Məmmədov bildirib ki, müasir travmatologiya artıq sadəcə “sınıq və çıxıqların müalicəsi” anlayışından uzaqlaşıb, yüksək ixtisaslaşmış tibbi istiqamətə çevrilib:

​"Minimal invaziv əməliyyatlar sayəsində böyük kəsiklərə ehtiyac olmadan mürəkkəb müdaxilələr həyata keçirilir. Artroskopik üsullar oynaqların daxilində dəqiq və az travmatik əməliyyatların aparılmasına imkan yaradır. Robotik və kompüter dəstəkli sistemlər isə cərrahın hərəkətlərini maksimum dəqiqliklə icra etməyə kömək edir. Müasir travmatologiyanın əsas məqsədi artıq yalnız zədəni aradan qaldırmaq deyil, insanın həyat keyfiyyətini tam şəkildə bərpa etməkdir".

​Baş həkimin sözlərinə görə, travmaların əsas səbəbləri çox vaxt diqqətsizlik və risklərin düzgün qiymətləndirilməməsi ilə bağlı olur. Yol hərəkəti zamanı sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə edilməməsi, məişətdə isə sürüşkən səthlər, qeyri-sabit mebellər və ya düzgün işıqlandırılmayan məkanlar xüsusilə uşaqlar və yaşlılar üçün ciddi zədələnmə riski yaradır. İdman zamanı isə əsasən düzgün isinmə hərəkətlərinin edilməməsi və ya texniki səhvlər travmaların yaranmasına gətirib çıxarır. N.Məmmədov vurğulayıb ki, travmaların böyük hissəsinin qarşısını profilaktik tədbirlərlə almaq mümkündür və bunun üçün təhlükəsizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir.

​Travma anında ilk dəqiqələrin olduqca vacib olduğunu deyən mütəxəssis düzgün göstərilən ilkin yardımın ağırlaşmaların qarşısını aldığını bildirib. Onun sözlərinə görə, ilk növbədə zədələnmiş nahiyə hərəkətsiz saxlanaraq sabitlənməli, qanaxma hallarında isə təzyiq tətbiq etməklə qanaxma dayandırılmalıdır. Zərərçəkmiş şəxsin ehtiyatsız şəkildə hərəkət etdirilməsi vəziyyəti daha da ağırlaşdıra biləcəyi üçün peşəkar tibbi yardım vaxtında çağırılmalıdır.

​Müasir protez və implant texnologiyalarının sürətlə inkişaf etdiyini qeyd edən həkim biouyğun materiallardan hazırlanan implantların orqanizm tərəfindən yaxşı qəbul edildiyini diqqətə çatdırıb. Bildirilib ki, 3D texnologiyalar və rəqəmsal planlama cərrahi müdaxilələrin dəqiqliyini artıraraq riskləri minimuma endirir. Nizami Məmmədov reabilitasiya prosesinin müalicənin nəticəsini müəyyən edən əsas amil olduğunu xüsusi vurğulayıb:

​"Əməliyyat nə qədər uğurlu olsa da, düzgün bərpa proqramı olmadan tam sağalma mümkün deyil. Reabilitasiya yalnız fiziki məşqlərdən ibarət deyil. Buraya fizioterapiya, hərəkət funksiyalarının bərpası, əzələ gücünün artırılması, həmçinin psixoloji dəstək də daxildir".

​Nizami Məmmədov sonda əlavə edib ki, gələcəkdə bu sahədə əsas diqqət profilaktikaya, erkən müdaxiləyə, maarifləndirmə tədbirlərinin genişləndirilməsinə və reabilitasiya xidmətlərinin inkişafına yönəldilməlidir.