Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib.

Postxronika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, layihə çərçivəsində hər bir təhsilalana göstərilən təhsil xidmətinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 faizi həcmində müəyyən edilib. Dövlət dəstəyinin məbləği Bakı şəhəri üzrə 350 manatdan, digər regionlar üzrə isə 250 manatdan çox ola bilməz.

Sənədə görə, layihələrin icra müddəti 10 aydan artıq olmamalıdır. Dövlət dəstəyi dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına maliyyələşdiriləcək.

Qərarla həmçinin müsabiqələrin keçirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən tərkibi nazirliyin əməkdaşlarından ibarət, ən azı 5 nəfərlik İşçi qrupun yaradılması nəzərdə tutulur.