Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır cinayətlərə görə məhkum olunmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Postxronika.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslər erməni və rus dillərində tərcüməçilər, həmçinin vəkillərlə təmin olunublar.
Məhkəmə zamanı Madat Babayanın müdafiəçisi 5 fevral 2026-cı il tarixli hökmün ləğv edilməsini və bəraət verilməsini istəyib. Təqsirləndirilən Madat Babayan isə özünü təqsirli bilmədiyini deyib. Arayik Harutyunyanın müdafiəçisi də apellyasiya şikayətinin arqumentlərini məhkəməyə təqdim edib.
Zərərçəkmiş şəxslərin nümayəndələri Bakı Hərbi Məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, təqdim edilən foto, video və digər sübutların irəli sürülən ittihamları tam təsdiqlədiyini bildirərək apellyasiya şikayətlərinin təmin edilməməsini istəyiblər.
İclas zamanı müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərə baxılıb. Məhkəmə onların bir qismini təmin edib.
Növbəti məhkəmə iclası iyulun 21-nə təyin olunub.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, digər təqsirləndirilən şəxslər isə 15 ildən 19 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.