Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonaları iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə sakinlərin istifadəsinə verilib.

Postxronika.az xəbər verir ki, yeni istifadəyə verilən idman zonalarında minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün müxtəlif trenajor qurğuları quraşdırılıb.

​Açılış mərasimlərində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Nazir idman qurğularında məşq edən uşaqlar, yeniyetmələr və məhəllə sakinləri ilə görüşərək söhbət edib.

​Qeyd edək ki, əhalinin sağlam həyat tərzinin təmin olunması və asudə vaxtının səmərəli təşkili məqsədilə icra edilən layihə çərçivəsində indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 “Sağlam məhəllə” idman zonası qurulub.