Həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm məkanlarına və dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi qəza riskini artırdığından, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırır.
Postxronika.az xəbər verir ki, idarə sürücülərə uzun məsafəyə yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamağı və yuxusuz sükan arxasına əyləşməməyi tövsiyə edir. Həmçinin yollarda sürət həddinə əməl olunması, təhlükəsiz ara məsafəsinin qorunması, riskli ötmə və manevrlərdən çəkinməyin vacibliyi vurğulanır.
Bununla yanaşı, dənizkənarı və digər istirahət məkanlarına üz tutan piyadalardan da yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmək, bu zaman mobil telefon kimi diqqəti yayındıran vasitələrdən istifadə etməmək xahiş olunur. İdarə bəyan edir ki, hər bir məsuliyyətli davranış təhlükəsiz və xoş istirahətin təminatıdır.