Tarixdə elə müharibələr var ki, dövlətlərin sərhədlərini dəyişdirməklə yanaşı, bütöv bir beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır, yeni siyasi reallıqlar yaradır və sonrakı onilliklər ərzində baş verəcək hadisələrin istiqamətini müəyyən edir. 1870-1871-ci illərdə baş vermiş Fransa-Prussiya müharibəsi də məhz belə qəbildən olan müharibə idi. Bu müharibə nəticəsində Almaniyanın siyasi birliyi başa çatdı, vahid Almaniya imperiyasının əsası qoyuldu, Fransa Avropadakı üstün mövqeyini itirdi və XIX əsrin ikinci yarısında qitədə yeni güc balansı yarandı. Sonrakı dövrdə formalaşacaq ittifaqlar sistemi, Fransa-Almaniya qarşıdurması və hətta Birinci dünya müharibəsinə aparan geosiyasi proseslər müəyyən mənada məhz bu müharibənin nəticələri ilə bağlı idi.
Bununla belə, Fransa-Prussiya müharibəsini yalnız Fransa ilə Prussiya arasında baş vermiş silahlı qarşıdurma kimi qiymətləndirmək düzgün olmazdı. Əslində bu müharibə XIX əsr Avropasında baş verən dərin siyasi, iqtisadi və ideoloji dəyişikliklərin məntiqi nəticəsi idi. Millətçilik ideyasının yüksəlişi, sənaye inqilabının yaratdığı yeni iqtisadi münasibətlər, böyük dövlətlər arasında rəqabət və diplomatik mübarizə uzun illər ərzində yetişərək 1870-ci ildə açıq müharibəyə çevrildi. Elə buna görə də Fransa-Prussiya müharibəsinin səbəblərini yalnız 1870-ci ilin hadisələrində deyil, ondan əvvəlki yarım əsrdə Avropada baş verən proseslərdə axtarmaq lazımdır.
Müharibə nədir?
Tarixşünaslıqda bu anlayışa vahid tərif yoxdur. Prussiyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevits müharibəni "siyasətin başqa vasitələrlə davamı" kimi xarakterizə edirdi. Onun fikrincə, dövlətlər müharibəyə təsadüfən başlamırlar. Müharibə siyasi məqsədlərə nail olmaq üçün istifadə olunan vasitələrdən biridir. İngilis hərb tarixçisi Michael Howard isə göstərirdi ki, XIX əsrdə sənaye inqilabı ilə birlikdə müharibələrin xarakteri də dəyişdi. Artıq müharibənin taleyini yalnız orduların sayı deyil, dövlətlərin iqtisadi gücü, sənaye potensialı, dəmir yolu şəbəkəsi və səfərbərlik imkanları müəyyən edirdi. İngilis tarixçisi Taylor Fransa–Prussiya müharibəsini Almaniyanın siyasi birliyini tamamlayan həlledici hadisə hesab edirdi. Amerikalı tarixçi Gordon A. Craig isə yazırdı ki, 1871-ci ildən sonra Avropada yaranan yeni güc balansı Napoleon dövründən sonra formalaşmış beynəlxalq münasibətlər sistemini kökündən dəyişdirdi.
Bu yanaşmalar göstərir ki, Fransa-Prussiya müharibəsi təsadüfi diplomatik qalmaqalın nəticəsində baş verməmişdi. O, onilliklər ərzində formalaşan siyasi proseslərin, iqtisadi dəyişikliklərin və dövlət maraqlarının məntiqi yekunu idi.
1815-ci ildə Napoleon Bonapartın məğlubiyyətindən sonra keçirilən Vyana konqresi Avropada yeni beynəlxalq münasibətlər sistemi formalaşdırdı. Konqresin əsas məqsədi Fransa inqilabı və Napoleon müharibələrinin yaratdığı siyasi sarsıntıları aradan qaldırmaq, hər cür inqilabi hərəkatları yatırmaq, monarxiyaların legitimliyini bərpa etmək və qitədə qüvvələr balansını qorumaq idi. Böyük Britaniya, Rusiya, Avstriya və Prussiya arasında yaradılmış bu sistem sonralar tarixşünaslıqda "Avropa konserti" adlandırıldı. Onun əsas prinsipi ondan ibarət idi ki, böyük dövlətlər qarşılıqlı razılaşma yolu ilə Avropada sabitliyi qorumalı, hər hansı bir dövlətin həddindən artıq güclənməsinə imkan verməməli idilər.
Lakin XIX əsrin ortalarına doğru bu sistemin daxilində ciddi ziddiyyətlər meydana çıxmağa başladı. Sənaye inqilabı Avropanın iqtisadi həyatını əsaslı şəkildə dəyişdirirdi. Fabriklər yaranır, dəmir yolları çəkilir, ağır sənaye sürətlə inkişaf edir, kapitalist istehsal münasibətləri genişlənirdi. İqtisadi inkişaf siyasi parçalanmanı getdikcə daha səmərəsiz edirdi. Digər tərəfdən, Fransa inqilabının yaydığı milli suverenlik, millətçilik ideyası artıq Avropanın müxtəlif xalqları arasında geniş yayılmışdı. İtalyanlar və almanlar vahid milli dövlət yaratmağa çalışır, çoxmillətli imperiyalar isə bu prosesdən ciddi narahatlıq keçirirdilər.
Məhz bu şəraitdə Almaniya məsələsi Avropa diplomatiyasının ən mühüm problemlərindən birinə çevrildi.
XIX əsrin ortalarında vahid Almaniya dövləti hələ mövcud deyildi. Alman dilli torpaqlar çoxsaylı krallıq, hersoqluq, knyazlıq və azad şəhərlər arasında parçalanmışdı. 1815-ci ildə Vyana konqresinin qərarı ilə yaradılan Alman İttifaqı bu dövlətləri formal şəkildə bir araya gətirsə də, onun vahid hökuməti, ümumi ordusu və vahid xarici siyasəti yox idi. İttifaq daxilində siyasi liderlik uğrunda əsas rəqabət isə iki böyük alman dövləti - Avstriya imperiyası və Prussiya krallığı arasında gedirdi.
Almaniyanın gələcəyi ilə bağlı iki fərqli siyasi konsepsiya formalaşmışdı. Birinci konsepsiya "Böyük Almaniya" modeli idi. Bu layihəyə görə gələcək vahid Almaniya Avstriyanın rəhbərliyi altında yaradılmalı idi. İkinci konsepsiya isə "Kiçik Almaniya" modeli idi. Bu layihə Avstriyanı gələcək Almaniya dövlətindən kənarda saxlayaraq birliyin Prussiyanın rəhbərliyi altında qurulmasını nəzərdə tuturdu. Son nəticədə qalib gələn də məhz bu ikinci model oldu.
Prussiyanın üstünlüyü yalnız hərbi gücü ilə bağlı deyildi. XIX əsrin ortalarında bu dövlət Avropanın ən sürətlə inkişaf edən sənaye ölkələrindən birinə çevrilmişdi. Kömür və dəmir filizi ehtiyatları ağır sənayenin inkişafına təkan verir, dəmir yolları iqtisadi inteqrasiyanı sürətləndirirdi. 1834-cü ildə yaradılmış Alman Gömrük İttifaqı (Zollverein) alman dövlətləri arasında gömrük maneələrini aradan qaldıraraq vahid iqtisadi bazarın formalaşmasına mühüm töhfə verdi. Avstriyanın bu ittifaqdan kənarda qalması isə Prussiyanın iqtisadi və siyasi nüfuzunu daha da gücləndirdi. Beləliklə, Almaniyanın gələcək siyasi birliyi əvvəlcə iqtisadi birlik şəklində formalaşmağa başladı.
Bu proseslərin mərkəzində isə XIX əsr Avropa tarixinin ən mühüm dövlət xadimlərindən biri - Otto fon Bismark dayanırdı.
1862-ci ildə Prussiya kralı I Vilhelm Otto fon Bismarkı baş nazir təyin edərkən ölkədə ciddi siyasi böhran hökm sürürdü. Parlament hərbi islahatlar üçün əlavə vəsait ayırmaqdan imtina edir, hökumətlə deputatlar arasında qarşıdurma getdikcə dərinləşirdi. Məhz bu şəraitdə Bismark parlamentin büdcə komissiyası qarşısında etdiyi məşhur çıxışında dövrün taleyinin və Almaniyanın birləşdirilməsi məsələsinin "nitqlər və çoxluğun qərarları ilə deyil, dəmir və qanla" həll olunacağını bəyan etdi. Sonralar tarixə "Dəmir və qan" (Blut und Eisen) nitqi kimi düşən bu çıxış Bismarkın siyasi kursunun rəmzinə çevrildi. Bununla belə, onun siyasətini yalnız hərbi gücə söykənən yanaşma kimi qiymətləndirmək düzgün olmazdı. Bismark diplomatiyanı və siyasi praqmatizmi də ən azı hərbi qüvvə qədər əhəmiyyətli hesab edir, Almaniyanın birləşdirilməsi yolunda bu vasitələrdən məharətlə istifadə edirdi.
Bismarkın siyasəti tarixşünaslıqda "Realpolitik" anlayışı ilə ifadə olunur. Bu yanaşmanın əsas mahiyyəti dövlət siyasətinin ideoloji şüarlara deyil, milli maraqlara söykənməsi idi. Bismark üçün əsas məqsəd Almaniyanın siyasi birliyini təmin etmək idi və bu məqsədə çatmaq naminə o, həm diplomatiyadan, həm də zəruri hallarda hərbi gücdən istifadə etməyə hazır idi. O yaxşı anlayırdı ki, Almaniyanın birləşdirilməsi təkcə döyüş meydanlarında deyil, beynəlxalq diplomatiyada da həll olunacaq.
Bu məqsədlə Bismark əvvəlcə Almaniya məsələsində Prussiyanın əsas rəqiblərini mərhələli şəkildə zəiflətməyə başladı. İlk hədəf Danimarka idi.
XIX əsrin ortalarında Şlezviq və Holşteyn hersoqlıqlarının hüquqi statusu Avropanın ən mürəkkəb siyasi problemlərindən biri hesab olunurdu. Holşteyn Alman İttifaqının tərkibinə daxil idi, Şlezviq isə hüquqi baxımdan Danimarka kralına bağlı olsa da, burada alman əhalisi çoxluq təşkil edirdi. Danimarka hökumətinin Şlezviqi ölkəyə tam şəkildə birləşdirmək cəhdi Alman dövlətlərində ciddi narazılıq doğurdu. Bismark isə bu böhranın Almaniyanın birləşdirilməsi yolunda mühüm imkan yaradacağını dərhal başa düşdü.
1864-cü ildə Prussiya və Avstriya birlikdə Danimarkaya müharibə elan etdilər. Müharibə uzun çəkmədi. Müasir silahlanmaya və daha yaxşı təşkilatlanmış orduya malik Prussiya ilə Avstriya qısa müddətdə qələbə qazandılar. 1864-cü il Vyana müqaviləsinə əsasən Danimarka Şlezviq, Holşteyn və Lauenburq hersoqlıqlarından imtina etdi. Şlezviq Prussiyanın, Holşteyn isə Avstriyanın idarəsinə verildi.
İlk baxışdan bu razılaşma Prussiya ilə Avstriya arasında uğurlu əməkdaşlığın nəticəsi kimi görünürdü. Əslində isə Bismark gələcək münaqişənin əsasını məhz burada qoymuşdu. O yaxşı bilirdi ki, eyni siyasi problemin iki fərqli dövlət tərəfindən idarə olunması gec-tez yeni qarşıdurmaya səbəb olacaq.
Doğrudan da, çox keçmədən Şlezviq və Holşteynin idarə olunması ilə bağlı fikir ayrılığı Prussiya ilə Avstriya arasında açıq siyasi böhrana çevrildi. Lakin Bismark hərbi toqquşmaya başlamazdan əvvəl diplomatik hazırlıq işlərini tamamladı. O, Rusiyanın bitərəf qalmasına nail oldu, Fransa imperatoru III Napoleonun müharibəyə qarışmayacağına ümid etdi və İtaliya Krallığı ilə hərbi ittifaq bağladı. İtaliya da Avstriyanın hakimiyyəti altında olan Venesiya vilayətini ələ keçirmək istəyirdi. Beləliklə, Avstriya mümkün müharibə ərəfəsində faktiki olaraq diplomatik təcrid vəziyyətinə salındı.
1866-cı ilin iyununda Prussiya ilə Avstriya arasında müharibə başladı. Tarixə Yeddi həftəlik müharibə adı ilə düşən bu qarşıdurma XIX əsr Avropasının ən qısa, lakin ən həlledici müharibələrindən biri oldu. Prussiya ordusu Baş Qərargah rəisi Helmut fon Moltkenin rəhbərliyi altında dəmir yollarından, teleqraf rabitəsindən və yeni Dreyze iynəli tüfənglərindən səmərəli istifadə edirdi. Müasir hərbi təşkilatlanma Prussiyaya döyüş meydanında ciddi üstünlük qazandırdı.
Müharibənin taleyini 1866-cı il 3 iyul tarixində baş vermiş Sadova (Königgrätz) döyüşü həll etdi. Avstriya ordusu ağır məğlubiyyətə uğradı və Almaniya məsələsində liderlik iddiasını faktiki olaraq itirdi. Bu qələbə Prussiyanın yalnız hərbi deyil, həm də siyasi üstünlüyünü təsdiqlədi.
Lakin Bismarkın uzaqgörənliyi məhz bundan sonra özünü göstərdi. Prussiya ordusunun bir çox generalları Vyanaya yürüş etməyi və Avstriyanı daha ağır şərtlərlə sülh bağlamağa məcbur etməyi təklif edirdilər. Bismark isə buna qəti şəkildə qarşı çıxdı. O hesab edirdi ki, Avstriyanı alçaltmaq gələcəkdə Almaniyanın təhlükəsizliyinə xidmət etməyəcək. Əksinə, gələcək Avropa siyasətində Avstriya potensial tərəfdaş ola bilərdi. Buna görə də 1866-cı il Praqa sülh müqaviləsinin şərtləri nisbətən yüngül oldu. Avstriya Alman İttifaqından çıxarıldı, lakin ağır ərazi itkilərinə məruz qalmadı.
1866-cı il müharibəsi Almaniyanın siyasi tarixində dönüş nöqtəsi oldu. Alman İttifaqı ləğv edildi və onun yerində Prussiyanın rəhbərliyi altında Şimali Almaniya İttifaqı yaradıldı. Şimaldakı alman dövlətləri artıq vahid siyasi sistem altında birləşmişdi. Lakin Almaniyanın tam siyasi birliyi hələ başa çatmamışdı. Bavariya, Baden, Vürtemberq və Hessen-Darmştadt kimi Cənubi Almaniya dövlətləri formal müstəqilliklərini qoruyurdular. Onlar Prussiya ilə hərbi müqavilələr bağlasalar da, hələ vahid Almaniya dövlətinin tərkibinə daxil olmamışdılar.
Bismark yaxşı anlayırdı ki, bu dövlətləri könüllü şəkildə birləşdirəcək ən güclü amil xarici təhlükə ola bilərdi. Alman millətçiliyini son mərhələyə çatdıracaq belə bir təhlükə isə artıq üfüqdə görünməyə başlamışdı. Həmin təhlükənin adı Fransa idi.
XIX əsrin ikinci yarısında Fransa hələ də Avropanın aparıcı dövlətlərindən biri hesab olunurdu. 1852-ci ildə imperator elan edilən III Napoleon hakimiyyətinin ilk illərində ölkənin iqtisadi inkişafına nail olmuş, Parisin yenidən qurulmasına böyük vəsait ayırmış və Krım müharibəsi ilə İtaliyanın birləşməsi prosesində fəal iştirak edərək Fransanın beynəlxalq nüfuzunu qorumağa çalışmışdı. Lakin 1860-cı illərin sonlarına doğru vəziyyət dəyişməyə başladı. Xarici siyasətdə əvvəlki uğurlar təkrarlanmır, daxildə isə müxalifət getdikcə güclənirdi. İmperator hakimiyyətinin əvvəlki nüfuzunu saxlaya bilmirdi və cəmiyyətdə narazılıq artırdı.
Bu dövrdə Fransa siyasi dairələrində ən ciddi narahatlıq doğuran məsələ Prussiyanın sürətlə güclənməsi idi. 1866-cı ildə Avstriya üzərində qazanılmış qələbə və Şimali Almaniya İttifaqının yaradılması Parisdə böyük diqqətlə izlənilirdi. Fransa uzun illər Alman torpaqlarının siyasi cəhətdən parçalanmış vəziyyətdə qalmasını öz təhlükəsizliyi üçün əlverişli hesab etmişdi. Güclü və vahid Alman dövlətinin yaranması isə Avropada qüvvələr nisbətini Fransanın xeyrinə olmayan istiqamətdə dəyişdirirdi. III Napoleon anlayırdı ki, əgər Almaniyanın birləşməsi başa çatarsa, Fransa artıq qitənin əsas siyasi və hərbi gücü statusunu qorumaqda çətinlik çəkəcək.
Bismark isə bu vəziyyəti diqqətlə təhlil edirdi. O yaxşı başa düşürdü ki, Almaniyanın tam siyasi birliyi üçün hələ son addım atılmalıdır. Cənubi Almaniya dövlətləri formal müstəqilliklərini saxlasalar da, xarici təhlükə qarşısında Prussiyanın ətrafında birləşə bilərdilər. Bunun üçün isə Almaniyanın özünü müdafiə edən tərəf kimi göstərməsi vacib idi. Bismarkın diplomatik planının əsas məqsədi Fransanı təcavüzkar kimi təqdim etmək və alman dövlətlərini vahid milli məqsəd ətrafında birləşdirmək idi.
Belə bir fürsət gözlənilmədən İspaniyada yarandı.
1868-ci ildə İspaniyada baş vermiş "Şanlı inqilab" (La Gloriosa) nəticəsində kraliça II İzabella devrildi və ölkədə yeni monarx axtarışına başlanıldı. Namizədlər arasında Prussiya kralı I Vilhelmin qohumu, Hohensollern-Siqmaringen sülaləsindən şahzadə Leopoldun da adı çəkilirdi. Bu xəbər Fransada ciddi narahatlıq doğurdu. Parisdə hesab edirdilər ki, Hohensollern sülaləsinin həm Prussiyada, həm də İspaniyada hakimiyyətə gəlməsi Fransanı şimaldan və cənubdan eyni sülalənin siyasi təsiri ilə əhatə edə bilər. Bu isə Fransa üçün qəbuledilməz geosiyasi vəziyyət yaradırdı.
Fransa hökuməti Leopoldun namizədliyinə qəti etiraz etdi. Xarici işlər naziri Antuan de Qramon açıq bəyan etdi ki, Paris belə bir seçimi qəbul etməyəcək. Diplomatik təzyiqlər nəticəsində Leopold namizədliyini geri götürdü. İlk baxışdan böhran aradan qalxmış kimi görünürdü. Lakin Fransa hökuməti bununla kifayətlənmədi.
III Napoleon hökuməti Prussiya kralı I Vilhelmdən yalnız həmin namizədliyin geri götürülməsini deyil, gələcəkdə də Hohensollern sülaləsindən heç kimin İspaniya taxtına namizəd göstərilməyəcəyinə dair rəsmi təminat verməsini tələb etdi. Bu isə artıq diplomatik etiket çərçivəsini aşan tələb idi. Belə bir öhdəlik kralın gələcək siyasi qərarlarını əvvəlcədən məhdudlaşdırmaq demək idi.
1870-ci ilin iyulunda Fransa səfiri qraf Benedetti Almaniyanın Ems kurort şəhərində istirahət edən I Vilhelmlə görüşdü. Görüş kifayət qədər sakit şəraitdə keçdi. Kral Fransa nümayəndəsini nəzakətlə qəbul etdi, Leopoldun artıq namizədlikdən imtina etdiyini bildirdi və əlavə təminat verməkdən imtina etdi. Söhbət qarşılıqlı hörmət şəraitində başa çatdı və hər iki tərəf hadisəni adi diplomatik görüş hesab edirdi.
Lakin hadisələrin sonrakı gedişini dəyişən şəxs yenə də Otto fon Bismark oldu.
I Vilhelm görüşün nəticələri barədə Berlinə teleqram göndərdi. Tarixə Ems teleqramı adı ilə düşən bu sənəd əslində olduqca sakit və diplomatik üslubda yazılmışdı. Bismark mətni mətbuata verməzdən əvvəl onu qısaltdı və bəzi ifadələri dəyişdirdi. Teleqramın məzmunu əsaslı şəkildə dəyişməsə də, üslubu xeyli sərtləşdirildi. Nəticədə elə təəssürat yarandı ki, Fransa səfiri Prussiya kralını təhqiramiz şəkildə təzyiq altında saxlamağa çalışmış, kral isə onu sərt şəkildə rədd etmişdi.
Teleqramın dərc olunması hər iki ölkədə böyük rezonans doğurdu. Almaniyada ictimai rəy Fransanın Prussiyanın milli ləyaqətini alçaltmağa çalışdığı qənaətinə gəldi. Fransada isə əksinə, kralın Fransa diplomatiyasını təhqir etdiyi fikri geniş yayıldı. Millətçi əhval-ruhiyyə qısa müddətdə hər iki ölkədə görünməmiş səviyyəyə yüksəldi və diplomatik böhranı artıq danışıqlar yolu ilə həll etmək mümkün olmadı.
Nəhayət, 19 iyul 1870-ci ildə Fransa Prussiyaya müharibə elan etdi.
Beləliklə, Avropanın siyasi tarixində yeni mərhələ başlandı. III Napoleon qısa müddətdə qələbə qazanacağını və Prussiyanın artan nüfuzunu dayandıra biləcəyini düşünürdü. Lakin hadisələr tamamilə fərqli istiqamətdə inkişaf etdi. Bismark məhz planlaşdırdığı nəticəyə nail olmuşdu. Fransa müharibəyə başlayan tərəf kimi görünürdü, Cənubi Almaniya dövlətləri isə Prussiyanın ətrafında birləşərək vahid Almaniya uğrunda mübarizəyə qoşuldular. Bununla da Almaniyanın siyasi birliyinin qarşısında qalan son maneə aradan qalxdı və Avropanın taleyini dəyişəcək müharibə başladı.
Davamı II hissədə...
Əli Novruzov (Tarixçi)