19 iyul gələcək Sovet Azərbaycanı ilə bağlı mühüm bir protokolun qəbul edildiyi gündür.
1919-cu il iyulun 19-da Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat Bürolarının birgə iclasında qəbul edilən protokol Azərbaycan tarixinin ən maraqlı arxiv sənədlərindən biridir. Bu sənəd 28 aprel 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olmasının hüquqi əsası olmasa da, bolşevik rəhbərliyinin Azərbaycan məsələsinə necə yanaşdığını, gələcək siyasi modeli necə təsəvvür etdiyini və həmin dövrün mürəkkəb geosiyasi reallığını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Protokolun üçüncü bəndi "Hümmət" partiyasının Azərbaycanın müstəqil Kommunist Partiyası kimi, Azərbaycanın isə müstəqil Sovet Respublikası kimi tanınması məsələsinə həsr olunmuşdu. Qərarda qeyd edilirdi ki, Mərkəzi Komitə prinsip etibarilə buna etiraz etmir. Bununla yanaşı, yekun qərarın Qafqaz Diyar Komitəsi tərəfindən qəbul edilməsi, həmçinin İosif Stalinin mövqeyinin öyrənilməsi nəzərdə tutulurdu. Bu isə göstərir ki, söhbət artıq qəbul edilmiş dövlət-hüquqi qərardan deyil, bolşevik rəhbərliyinin daxilində aparılan siyasi müzakirədən gedirdi.
Bu sənədi daha maraqlı edən onun məhz hansı şəraitdə qəbul olunmasıdır.
1919-cu ilin yayında Rusiyada vətəndaş müharibəsi bütün şiddəti ilə davam edirdi. Denikinin ordusu Moskvaya doğru irəliləyirdi və bolşevik hakimiyyəti mövcudluğu uğrunda mübarizə aparırdı. Sovet Rusiyasının özü hələ beynəlxalq hüququn tamhüquqlu subyekti kimi geniş şəkildə tanınmamışdı. Azərbaycanda isə Azərbaycan Cümhuriyyəti fəaliyyət göstərirdi.
Belə bir şəraitdə bolşevik rəhbərliyi nə üçün Azərbaycanın gələcəkdə ayrıca Sovet Respublikası kimi təşkil olunmasını müzakirə edirdi? Niyə Azərbaycanın birbaşa RSFSR-in tərkibinə daxil edilməsi deyil, məhz ayrıca Sovet Azərbaycanı modeli gündəmə gətirilirdi?
Bu sualın cavabı bolşeviklərin həmin dövrdə dövlətə və inqilaba necə baxdıqlarını anlamaqdan keçir.
1919-cu ildə Sovet Rusiyası klassik mənada milli dövlət deyildi. 1922-ci ildə SSRİ yaradılana qədər bolşevik rəhbərliyi özünü ilk növbədə dünya inqilabının siyasi mərkəzi, başqa sözlə, dünya inqilabının mənzil-qərargahı hesab edirdi. Onların əsas məqsədi yalnız Rusiyada hakimiyyəti qorumaq deyildi. Bolşeviklər inanırdılar ki, sosialist inqilabı gec-tez Avropaya, daha sonra isə Şərqə yayılacaq. Buna görə də qəbul etdikləri qərarlar çox vaxt klassik dövlət maraqlarından deyil, dünya inqilabı strategiyasından və mövcud hərbi-siyasi vəziyyətdən irəli gəlirdi.
Məhz buna görə bolşevik siyasətində situativlik mühüm yer tuturdu. Onlar dəyişən hərbi və siyasi şəraitə uyğun qərarlar qəbul edir, taktikanı tez-tez yeniləyirdilər. Bu baxımdan 19 iyul protokolu yalnız Azərbaycan haqqında qəbul olunmuş qərar deyil, həm də bolşevik siyasi təfəkkürünün necə işlədiyini göstərən maraqlı sənəddir.
Digər tərəfdən, Lenin və bolşeviklər milli məsələdə xalqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə etdiklərini bəyan edirdilər. Bu prinsip onların ideoloji proqramının mühüm hissəsi idi. Eyni zamanda, keçmiş Rusiya imperiyasının qeyri-rus xalqlarını öz tərəflərinə çəkmək üçün mühüm siyasi vasitə rolunu oynayırdı. Ayrı-ayrı sovet respublikalarının yaradılması da bu siyasətin tərkib hissəsi idi.
Azərbaycanın ayrıca Sovet Respublikası kimi nəzərdə tutulmasının başqa mühüm səbəbi isə bolşeviklərin Şərq siyasəti idi.
Bolşevik rəhbərliyi Azərbaycanı yalnız neft ölkəsi kimi qiymətləndirmirdi. Bakı İran, Türkiyə və bütövlükdə müsəlman Şərqinə açılan strateji mərkəz hesab olunurdu. Onların fikrincə, Azərbaycanda qurulacaq sovet hakimiyyəti Şərqdə sosialist ideyalarının yayılması üçün siyasi dayaq rolunu oynaya bilərdi. Təsadüfi deyil ki, 1920-ci ilin sentyabrında Şərq Xalqlarının I Qurultayı məhz Bakıda keçirildi. Bu da göstərirdi ki, Azərbaycan bolşeviklərin Şərq strategiyasında xüsusi yer tuturdu.
Protokolda diqqəti cəlb edən başqa bir məqam da var.
Bir tərəfdən Azərbaycanın müstəqil Sovet Respublikası kimi tanınmasından danışılır, digər tərəfdən isə "Hümmət"in Rusiya Kommunist Partiyasının vilayət təşkilatı kimi fəaliyyət göstərməsi nəzərdə tutulurdu. İlk baxışdan bu, ziddiyyətli görünə bilər. Lakin bolşeviklərin dövlət modeli bugünkü milli dövlət anlayışından fərqlənirdi. Onların təsəvvüründə ayrıca sovet respublikalarının mövcudluğu vahid kommunist partiyasının rəhbərliyi ilə ziddiyyət təşkil etmirdi. Dövlət quruluşu ilə siyasi hakimiyyət onlar üçün eyni anlayış deyildi.
Məhz buna görə bu protokolda işlədilən "müstəqil Sovet Respublikası" ifadəsini bugünkü tam suveren milli dövlət anlayışı ilə eyniləşdirmək metodoloji baxımdan düzgün olmaz.
19 iyul 1919-cu il tarixli protokolu bolşevik rəhbərliyinin siyasi optimizmini də əks etdirən sənədlərdən biridir. Çünki həmin vaxt vətəndaş müharibəsinin taleyi hələ tam həll olunmamış, bolşevik hakimiyyəti isə ciddi təhlükə altında idi. Buna baxmayaraq, onlar yalnız mövcud vəziyyəti deyil, gələcək siyasi düzəni də planlaşdırır, Azərbaycanın gələcək statusu barədə müzakirələr aparırdılar. Bu da göstərir ki, bolşevik rəhbərliyi öz qələbəsinə inanır və gələcək geosiyasi nizamı əvvəlcədən formalaşdırmağa çalışırdı.
Bəs 19 iyul 1919-cu il protokolu ilə 28 aprel 1920-ci ildə Azərbaycan SSR-in qurulması arasında əlaqə varmı?
Bu əlaqə mövcuddur, lakin onu sadə səbəb-nəticə əlaqəsi kimi təqdim etmək doğru olmaz.
19 iyul protokolu 28 aprel hadisələrinin hüquqi əsası deyildi. Lakin həmin sənəd göstərirdi ki, bolşevik rəhbərliyi Azərbaycanın gələcək sovet statusunu hələ 1919-cu ildə müzakirə edirdi. 1920-ci ilin yazında isə vəziyyət kökündən dəyişdi. Denikin məğlub edildi, XI Qızıl Ordu Cənubi Qafqaza doğru irəlilədi, Bakı nefti Sovet Rusiyası üçün həyati əhəmiyyət qazandı və bolşeviklər bölgədə hərbi üstünlük əldə etdilər. Beləliklə, 1919-cu ildə siyasi müzakirə səviyyəsində olan model 1920-ci ildə tamamilə fərqli geosiyasi şəraitdə həyata keçirildi.
Bu baxımdan hesab etmək olar ki, Azərbaycan SSR-in yaradılmasını həm 19 iyul 1919-cu il protokolunda əks olunan siyasi düşüncənin, həm də bolşeviklərin Şərq siyasətinin dəyişmiş hərbi-siyasi şəraitdə reallaşması kimi qiymətləndirmək mümkündür. Lakin bu prosesi yalnız bir sənəd və ya yalnız bir siyasi qərarla izah etmək də doğru olmaz.
Bu mövzu başqa bir mühüm metodoloji sualı da gündəmə gətirir.
XX əsrin əvvəllərində "müstəqillik" anlayışı bugünkü məna ilə eyni idimi?
Bu suala cavab verərkən həm Azərbaycan Cümhuriyyətinə, həm də ilk Azərbaycan SSR-ə eyni metodoloji yanaşmaq lazımdır.
Azərbaycan Cümhuriyyəti (Müsavat hökuməti) öz dövlət institutlarını və atributlarını yaratmış, 1920-ci ilin yanvarında Versal Ali Şurası tərəfindən de-fakto tanınmışdı. Bununla belə, onun fəaliyyət göstərdiyi beynəlxalq və regional şərait son dərəcə mürəkkəb idi. 1918-1919-cu illərdə Bakıda yerləşən Britaniya hərbi komandanlığının siyasi proseslərə və hökumət kabinetlərinin formalaşmasına təsiri, hökumət kabinetlərinə müdaxiləsi, eləcə də Antanta dövlətlərinin Cənubi Qafqaz siyasəti AXC-nin qərarvermə imkanlarını müəyyən dərəcədə məhdudlaşdırırdı. Azərbaycan Cümhuriyyətinin 11 yanvar 1920-ci ildə de-fakto tanınması əslində Britaniya imperiyasının "Qafqaz səddi" (Transqafqaz kordonu) layihəsinin reallaşması istiqamətində atılmış strateji bir addım idi. Yəni Antanta dövlətləri bu tanınma ilə Cənubi Qafqazı büsbütün geosiyasi təsir və nəzarət dairələrində saxlamaqda israrlı idilər. Ona görə də 1918-20-ci illərdə mövcud olan ilk cümhuriyyətin müstəqilliyi şərti xarakter daşıyırdı.
Eyni metodoloji yanaşma ikinci cümhuriyyət- Azərbaycan SSR üçün də keçərlidir. Formal olaraq ayrıca sovet respublikası kimi təşkil olunsa da, Azərbaycan SSR-in siyasi qərarları tam müstəqil şəkildə qəbul edilmirdi. Bunun əsas səbəbi bolşeviklərin dövlətçilik anlayışından irəli gəlirdi. Onlar sovet respublikalarını bir-birindən tam müstəqil milli dövlətlər kimi deyil, vahid inqilabi sistemin tərkib hissələri kimi görürdülər. Bu səbəbdən respublika rəhbərliyinin mühüm qərarları əksər hallarda RKP(b)-nin mərkəzi rəhbərliyi və Qafqazdakı partiya strukturlarının siyasi xətti ilə uzlaşdırılırdı.
Mənbə: Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi (RGASPI), RKP(b) MK-nın Siyasi və Təşkilat Bürolarının 19 iyul 1919-cu il tarixli protokolu.
Əli Novruzov (Tarixçi)